“Əgər bir insanı məhv etmək istəyirsənsə, onun arzusunu əlindən al”

“Əgər  öz amalın uğrunda yola çıxmağa hazırsansa, Tanrı mütləq gec-tez səni ünvana çatdıracaq”

SOSİUM.az “İşgüzar qadınlar“ layihəsinə start verir. Bu laihədə ən müxtəlif sahələrdə uğur qazanmış, öz potensiallarını realizə etmiş işgüzar xanımların  keçdiyi həyat yolundan bəhs olunacaq, onların müsahibələri tirajlanacaq.

Müsahibimiz Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri,  “Lezz Group”un həmtəsisçiləri Əsmər Hüseynova və Sona Rüstəmovadır. Məlumat üçün deyək ki, Əsmər xanımla Sona xanım bacıdırlar və kiçik yaş fərqləri olsa da, hər ikisi eyni sinifdə və qrupda təhsil alıb. Yəni onların uğur hekayəsi hələ məktəbli olduğu dövrdən başlayıb.

– Ənənəvi sualdan başlayaq. Necə oldu ki, sahibkar olmaq qərarına gəldiniz?

Əsmər Hüseynova: Bizim şirkətimizin yaranma tarixçəsi əslində bizim bu sahəyə gəlişimizdən xeyli öncəyə təsadüf edir. Yəni bizdən qabaq artıq bu şirkət yaranmışdı və kifayət qədər populyar idi. Sadəcə bir müddət sonra biz bu şirkətin idarəçiliyinə gəldik və təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, bu dövrdə kifayət qədər ciddi uğurlara imza ata bildik. Ona qədər isə biz əsas diqqətimizi təhsilə yönəltmişdik və hər ikimiz Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini həm bakalavr, həm də magistr dərəcələri üzrə bitirmişik. Mən bu sahəyə gələnə qədər digər sahələrdə fəaliyyət göstəmişəm. Xarici İşlər Nazirliyində və bank sektorunda çalışmışam. Lakin bir müddət sonra başa düşdüm ki, səhər 9-dan 6-ya qədərki iş rejimi mənlik deyil və beləliklə, müstəqil fəaliyyətə üstünlük verdim.

Sona Rüstəmova: Əsmər xanımdan fərqli olaraq mən əmək fəaliyyətinə elə bu şirkətdən başlamışam. Bəli, bizə qədər şirkətimiz müəyyən yol keçmişdi və artıq tanınırdı. Lakin biz bu şirkətin fəaliyyətinə çoxlu yeniliklər gətirməyi bacardıq. Yeni trendləri izləmək,  müasir dövrün tələbləri ilə ayaqlaşmaq, ən müasir standartlara  cavab vemək, fəaliyyəti bazarın yeni tələblərinə uyğunlaşdırmaq günümüzün vacib amillərindəndir. Çox sevindirici haldır ki, nə qədər çətin olsa da, biz öz məqsədimizə nail olduq. Bu gün  “Lezz Group”  kifayət qədər tanınan bir şirkətdir. Əlbəttə, biz  bununla kifayətlənmək niyyətində deyilik və qarşıda daha ciddi layihələrimiz var.

– Tərcümeyi-halınıza nəzər salanda aydın görünür ki, təkcə uğurlu biznes-ledi yox, həm də “birgəlik formulu”nu qoruyub saxlayan azsaylı iş adamlarındansınız. Bu prinsipi, birliyi qorumaq o qədər də asan deyil.  Necə bacardınız?

Əsmər Hüseynova:  Əslində Sona ilə yalnız bacı deyilik, həm də gözəl dostluğumuz var. Biz həm orta məktəbdə, həm də universitetdə bir yerdə təhsil almışıq. Əsas üstünlüyümüz bir-birimizə güzəşt etməyimiz, birgə müzakirələrə açıq olmağımızdır. Hər ikimizin artıq bu sahədə müəyyən təcrübəsi var və biz işlə bağlı müzakirələrdə sözçülüyə yox, peşəkarlığa üstünlük veririk.

Sona Rüstəmova:  Tamamilə düzgün vurğulayırsınız ki, bəzən ortaqlar arasında ciddi problemlər yaranır və arzuolunmaz nəticələrə gətirib çıxarır. Biz düşünürük ki, hər bir  şirkətin inkişafı, uğuru  həm  rəhbərlərin, ortaqların,  həm də şirkətin bütün əməkdaşlarının uğurudur. Qərarları qəbul edərkən hər zaman bu amili əsas tuturuq və şükürlər olsun ki, indiyə qədər aramızda hər hansı anlaşılmazlıq yaranmayıb (gülür).

– İctimai fəaliyyətlə də məşğul olursunuz. Ölkəmizdə kifayət qədər populyar olan, xanım sahibkarları bir araya gətirən Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının fəal üzvlərindənsiniz. Bu qurumda fəaliyyətiniz nədən ibarətdir?

Əsmər Hüseynova:  Düşünürəm ki, sahibkarlar arasında, o cümlədən qadın sahibkarlar arasında həmrəylik, birlik vacibdir. Bu həm onlar arasında təcrübə mübadiləsinə, həm də qarşılıqlı əməkdaşlığa zəmin yaradır. Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasına gəlişimiz tam təsadüfi olub. Nəzərə alanda ki, ölkədə çoxsaylı təşkilatlar və qurumlar mövcuddur, bu mənada seçim etmək elə də asan deyildi. Assosiasiyanın fəaliyyətində bizi cəlb edən əsas üstünlük isə mövcud  sağlam mühit və hər bir fərdə xüsusi önəm verilməsi olub.

Sona Rüstəmova: Mən də hesab edirəm ki,  AQSİA-da təmsil olunmaq bizim, o cümlədən digər qadın sahibkarların qarşısında böyük imkanlar açır. Bu dividentlərə qarşılıqlı ünsiyyətdən  tutmuş faydalı müzakirələr, gənc xanımların yeni iş qurmaqları üçün imkanlar, təcrübə mübadiləsindən tutmuş qarşılıqlı əməkdaşlığa qədər çoxsaylı nüanslar aiddir. Bir sözlə AQSİA uğurlu bir əməkdaşlıq platformasıdır.  Bu platformanın daha da səmərəli olması üçün təbii ki, bütün üzv sahibkarların da  öhdəliyi var. Biz də bu baxımdan Assosiasiyanın inkişafına  bacardığımız  tövhəni  verməyə çalışırıq. Təvazökarlıqdan uzaq olsa da deyə bilərəm ki, biz Assosiasiyanın fəal üzvlərindənik.

– Pandemiya dövründə, karantin rejimində  AQSİA ilə birlikdə “Biz birlikdə güclüyük” devizi altında həyata keçirilən  yardım aksiyalarında fəal iştirak etdiniz. Yardımlaşma aksiyaları ərəfəsində  insanların biri-birinə olan münasibəti ilə bağlı müşahidələriniz ədən ibarətdir?

Əsmər Hüseynova: Təbii ki, vətəndaş cəmiyyətinin əsas fəaliyyət istiqamətlərindən ən birincisi toplumun inkişafına təkan verməkdir. Məlum olduğu kimi, bu gün koronovirus pandemiyası bütün bəşəriyyəti təhdid edir və hər gün onminlərlə insan bu bəlanın qurbanına çevrilir. Mövcud problemlərin iqtisadiyyata mənfi təsiri göz önündədir. Bəzi şirkətlər fəaliyyətinə davam edə bilmir, bəzi iş yerləri müvəqqəti bağlanır, xidmət sahələrində müəyyən fasilələr mövcuddur, günəmuzd işləməklə ailəsini dolandıran insanlar üçün xüsusilə çətindir  və s. Belə bir şəraitdə ehtiyacı olan insanlara yardım etmək, onlara dəstək olmaq vətənini, xalqını sevən hər bir vətəndaşın borcudur. Qeyd etmək istərdim ki, artıq ölkəmizdə xeyriyyəçilik məsələləri sosial bir institut kimi formalaşıb.  Bu institutun təməlini məhz  Birinci vitse-prezident Mehriban xanım Əliyeva qoyub. Xalqımızın nəcib ənənələrinin bü gün dövlət rəhbərliyi səviyyəsində davam etdirilməsi qürurvericidir. Bu baxımdan Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti bütün insanlıq üçün gözəl örnəkdir.  Əgər Birinci xanım, Birinci vitse-prezident xalq arasındadırsa, ən xoş və eyni zamanda məsuliyyətli, ağır günlərdə vətəndaşların yanındadırsa, bizlərin – vəətndaş cəmiyyətinin  kənarda  seyrçi qalmağa haqqı varmı? Bu baxımdan  Azərbaycanda Qadın Sahibkarlığının İnkişaf Assosiasiyasının da karantin müddətində həyata keçirdyi aksiyalar təqdirə layiqdir.

Sona Rüstəmova: AQSİA bu məsuliyyətli dönəmdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Biz birlikdə güclüyük” devizi altında həyata keçirilən yardım aksiyalarında ən çox yardıma ehtiyacı olan insanlara dəstək oldu. Çoxlu sayda atəminatlı ailələr bu kampaniyadan faydalana bildilər. AQSİA ilk gündən bu təşəbbüsə qoşulub və biz də Assosiasiyanın üzvləri olaraq öz dəstəyimizi əsirgəməmişik. Hər zaman da AQSİA-nın yanındayıq və əməkdaşlıq ediriksə, hər zaman bu belə olacaq. Əminəm ki, gələcəkdə yeni qadın sahibkarlar da bizim sıramıza qoşularaq Assosiasiyanın fəaliyyətində yaxından iştirak edəcəklər. Çünki bunun üçün AQSİA rəhbərliyi tərəfindən bütün şərait yaradılıb. AQSİA-dakı demokratik, şəffaf, ədalətli  mühit belə deməyə əsas verir.

– Azərbaycanda qadınların uğurlarından danışanda bir ismin üzərindən sükutla keçmək olmur. Bir çox uğurlu xanımlar mətbuata müsahibələri zamanı bildirirlər ki, Mehriban Əliyevanın fəaliyyəti onlar üçün hər zaman stimul mənbəyidir…

Əsmər Hüseynova – Ölkənin ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını hər zaman cəmiyyətdə nüfuz sahibi olub. Bəli, tamamilə düzgün vurğulayırsınız ki, Azərbaycanda müasir qadın hərəkatının formalaşması Mehriban xanımın adı ilə bağlıdır. Məhz Mehriban xanımın sayəsində Azərbaycan qadını son illərdə çox böyük inkişaf yolu keçib və ciddi nüfuz əldə edib. Biz çox sevinirik ki, Azərbaycan qadınının Mehriban Əliyeva kimi bütün ali dəyərləri özündə cəmləşdirən bir insan,  peşəkar bir siyasətçi, dövlət adamı kimi nümunəvi  lideri  var. Əlbəttə o, öz uğurlu fəaliyyəti ilə bütün xanımlarımız üçün örnəkdir.

Sona Rüstəmova: Etiraf etmək lazımdır ki, son illər Azərbaycanda qadınların istər dövlət, istərsə də özəl sektorda, bütövlükdə cəmiyyətdə rolu bəlkə də heç zaman olmadığı qədər artıb və heç şübhəsiz bütün bunlar təsadüfi deyil. Mehriban Əliyeva öz fəaliyyəti ilə bütün qadınlar üçün daim nümunədir, onun sərgilədiyi fəaliyyət gənc xanımlar  üçün bir məktəb rolu oynayır.  Çox şanslıyıq ki, hər kəlməsindən, hər hərəkətindən nə isə öyrənəcəyimiz Mehriban xanım kimi gözəl, bütün insani keyfiyyətlərin daşıyıcısı olan humanist bir şəxsiyyətlə eyni dövrü paylaşırıq. Qloballaşan dünyamızda Mehriban xanımın tarixi, milli-mənəvi dəyərlərimizə bağlılığı, xeyriyyəçilik fəaliyyəti, çalışqanlığı bizim üçün mayakdır, yol xəritəsidir. Nə xoş ki, bu gün Azərbaycan qadını dünyaya məhz Mehriban Əliyevanın timsalında təqdim olunur.

– Son illər ölkəmizdə həyata keçirilən islahatlarda   zərif cinsin nümayəndələrinin yüksək vəzifələrə təyin olunduqları xüsusilə diqqət çəkir…

Əsmər Hüseynova: Çox sevindiri haldır ki, artıq qadınlarla bağlı mənfi  streotiplər qalmayıb və qadınlar cəmiyyətin ayrılmaz tərkib hissəsi olaraq bütün sferalarda təmsil olunurlar. Doğru, şərqin bütün dəyərləri, gözəllikləri qorunmalıdır, ancaq bir cəmiyyətin inkişafında qadınların rolu danılmazdır. Son dövrlər Azərbaycanda qadınların yüksək vəzifələrə təyin olunması, seçilməsi geniş müşahidə olunur və bu bir tendensiya halını alıb. Eyni zamanda özəl sektorda da xanımların fəallığı kifayət qədər artıb. Ölkəmizdə bacarıqlı, işgüzar qadınların öz potensiallarını realizə etməsi üçün kifayət qədər şərait yaradılıb. Artıq uğur qazanmaq xanımların öz arzusuna, qabiliyyətlərinə, çalışqanlığına bağlıdır. Dövlətin qadınlara verdiyi önəm biz xanımları çox qürurlandırır. Əlbəttə, bütün sadaladıqlarım  dövlətin yeritdiyi siyasətin nəticəsidir.

Sona Rüstəmova:  Mən də Əsmər xanımın fikirlərini paylaşıram. Çox sevinirik ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında geniş islahatlar aparılır və bu islahatların vacib istiqamətlərindən biri idarəçilikdə xanımların rolunun artırılması ilə bağlıdır. Şübhə etmirəm ki, qadınlarımız bu imkanlardan yararlanacaq və öz üzərində işləməklə, yeni dövrün tələblərinə, çağırışlarına cavab verəcəklər.

– Hər bir uğurlu insan özündən sonra gələnlər üçün bir mayakdır. Gənclərə, o cümlədən gənc qızlara tövsiyyəniz nədir. Ümumiyyətlə sizdən ötəri “uğur formulu” nədir?

Əsmər Hüseynova: Əgər insan bir şeyi ürəkdən arzulayırsa, o istədiyinə mütləq çatacaq! Sadəcə arzu-istək, məqsəd və çalışmaq lazımdır. Əgər bir insanı məhv etmək istəyirsənsə, onun bütün arzularını əlindən al! Uğur formulu yoruldum demədən çalışmaq, tənbəlliyə son deməkdir! Əgər sən öz amalın uğrunda yola çıxmağa hazırsansa, Tanrı mütləq gec-tez səni ünvana çatdıracaq!

Sona Rüstəmova: Dəqiqlik, dürüstlük, zəhmət, inam, ardıcıl səylər uğurun əsas şərtidir. Mən bu məsələdə cinsi ayrıseçkiliyin tərəfdarı deyiləm. Dediyim məqamlar həm bəylər, həm də xanımlar üçün keçərlidir. Yetər ki, bir şeyi ürəkdən istəyəsən, o zaman hətta düşünmədiyin qapılar belə sənə açılacaq. Ancaq unutmayaq ki, günümüzün tələbi dövlətinə bağlı olmaq, vətənini sevmək, peşəkar vərdişlərə yiyələnməkdir. Hər bir kəs öz sahəsində inkişaf edərsə, bu artıq ümumi inkişaf deməkdir… (qısa pauzadan sonra təbəssümlə əlavə edir). Hardasa artıq ideal cəmiyyətə iddialıyıq. Amma Allah bizə ölkə, xalq olaraq lazım olan bütün dəyərləri veribsə, nədən ideal cəmiyyət yaratmağa  iddialı olmayaq?  Mükəmməl cəmiyyətin formalaşması hər bir fərdin üzərinə düşən məsuliyyətə necə yanaşmasına bağlıdır. Bütün gəncliyi, yeniyetmələri ən xırda nüansda belə məsuliyyətli olmağa çağırıram. Hər birimiz vətəndaş məsuliyyəti anlayışını unutmamalıyıq.

Hazırladı: Azər Niftiyev, SOSİUM.az

 

 

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir