Ən çox bahalaşan məhsulların SİYAHISI

Pandemiya dövründə bəzi məhsullar ucuzlaşsa da ərzaq məhsullarının əksəriyyətinin qiyməti artıb. Bu hal bütün dünyada müşahidə edilir. BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı məlumata əsasən 2020-ci ilin dekabrında dünyada ərzaq qiymətləri ardıcıl yeddi ay artıb. Artım əksər ərzaq məhsullarında müşahidə edilib.

Davamlı bahalaşma sayəsində FAO Qida Qiymətləri İndeksi son 3 ilin ən yüksək səviyyəsinə çatıb. 2020-ci ilin dekabrında Qida Qiymətləri İndeksi 107,5 olub ki, bu da 2017-ci ildən sonrakı rekord səviyyədir.

Bəs, dünyada ərzağın davamlı bahalaşmasının Azərbaycana təsiri varmı?

SOSİUM.az olaylar.az-a istinadən bildirir ki, dünyada ərzağın bahalaşmasının Azərbaycanında ərzaq qiymətlərinə birbaşa və dolyası təsiri var. Çünki hər il ölkəmizə böyük miqdarda yeyinti məhsulu idxal edilir, pərakəndə ticarətdə idxal mallarının payı yüksəkdir, eyni zamanda qida sənayesində istifadə edilən məhsulların böyük hissəsi xaricdən gətirilir. Mövcud olan ticarət və istehsal əlaqəsi ilə bağlı olaraq xaricdə ərzaq bahalaşan kimi Azərbaycanda da eyni növ malların dəyəri artır.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2020-ci ilin yanvar-noyabr ayları ərzində 1,463 milyard dollar dəyərində yeyinti məhsulu idxal edilib. İdxalımızın 15 faizi yeyinti məhsullarından ibarətdir.

Xaricdən aldığımız yeyinti məhsullarının əsas hissəsini buğda (262,5 milyon dollar), meyvə-tərəvəz (174 milyon dollar), bitki və heyvan mənşəli yağlar (144,35 milyon dollar), kərə yağı (73,3 milyon dollar), ət (72 milyon dollar), çay (49,6 milyon dollar), düyü (35 milyon dollar), süd (14,6 milyon dollar) təşkil edir.

Yeyinti məhsullarının idxalının bir hissəsi birbaşa pərakəndə satışı yönəldilsə də digər hissəsi qida sənayesində istifadə olunur. 2020-ci ilin 11 ayında istehsal edilən qida məhsullarının dəyəri 3,4 milyard manat olub. İdxal edilən qida mallarının bahalaşması qida sənayesi məhsullarının da dəyərinin yüksəlməsinə əsas yaradır.

Həm birbaşa, həm də dolayı təsirlər səbəbindən bu ilin yanvar-noyabr ayları ərzində ərzaq məhsullarının qiyməti 4,6 faiz artıb. Ərzaq məhsullarında bahalaşma qeyri-ərzaq (1,3 faiz bahalaşma) və pullu xidmətlərdəki (1 faiz bahalaşma) bahalaşmadan bir neçə dəfə yüksək olub.

Ərzaq məhsulları arasında ən çox bahalaşma meyvədə 9,1 faiz, tərəvəzdə 7,1 faiz, süd və süd məhsulları, yumurtada 6,5 faiz, balıq və balıq məhsullarında 5 faiz, çörəkdə 3,7 faiz, ət və ət məhsullarında 3,5 faiz qeydə alınıb. Müqayisə olunan dövrdə heç bir ərzaq məhsulu ucuzlaşmayıb.

Ərzaq məhsullarının bahalaşması əhalinin xərclərində onun payının yüksəlməsinə də səbəb olub. Azərbaycan əhalisi bir il əvvəl pərakəndə xərclərinin 51 faizini ərzağın alınmasına ayırdığı halda bahalaşmadan sonra xərclərinin 53,8 faizi ərzağa sərf edilib. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 171,8 manatlıq ərzaq məhsulu, tütün məmulatı və içki alıb ki, bu da əvvəlki illə müqayisədə 12 manat, yaxud 7,5 faiz çoxdur.

Beləliklə, dünyada ərzağın bahalaşması ərzaq idxalına daha çox vəsait ayrılmasına səbəb olduğu kimi, əhalinin ərzaq xərclərinin artmasına da gətirib çıxarır.

Oxşar xəbərlər