“AQSİA bütün streotipləri qırmağı bacardı” – Məşhur klinikanın həmtəsisçisi

SOSİUM.az-ın növbəti qonağı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) fəal üzvü, “MedEra Hospital”ın həmtəsisçisi və baş həkimin müavini, həkim-oftomoloq Aynur Əliyevadır.

Aynur Əliyeva artıq 8 ildir ki, səhiyyə təşkilatçılığı sahəsində çalışır və bu sahədə böyük təcrübəyə malikdir. Nəinki paytaxt Bakının, Azərbaycanın aparıcı tibb mərkəzlərindən olan “MedEra Hospital”ın qurucularından biridir. Həmsöhbətimiz Azərbaycan Dövlət Tibb Universitetini bitirib. İxtisasca oftomoloqdur və bir müddət Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində işləyib. A. Əliyeva hazırda sahibkarlıq fəaliyyəti ilə yanaşı, fəal ictimai fəaliyyətlə məşğuldur.

Aynur xanım, bu gün hər bir azərbaycanlını düşündürən əsas məsələ cəbhə bölgəsində baş verənlərlə bağlıdır. Azərbaycan Ordusu böyük üstünlüyə malikdir və yəqin ki, yaxın zamanlarda Qarabağın tamamilə işğaldan azad olunması xəbərini eşidəcəyik…

– Xarakter etibarilə müharibəni sevməyən, bəşəriyyəti sülh içində görmək istəyən bir insanam. Hesab edirəm ki, müharibə böyük tələfatlar, bəzən günahsız insanların itkiləri hesabına başa gəlir. Lakin bizim başqa seçimimiz qalmadı. Çünki Azərbaycan 30 il Ermənistana işğalçı mövqeyindən geri çəkilmək üçün yetərincə imkan verdi. Bu müddətdə gördük ki, düşmən nəinki işğalçı mövqeyindən geri çəkilmir, əksinə, tarixi Azərbaycan torpaqlarını öz adına çıxmağa çalışır. Bu halda Azərbaycan dövləti və Azərbaycan Ordusu öz sözünü deməli idi və dedi. Əgər biz öz doğma torpaqlarımızı geri qaytarmaq, bir millət, bir dövlət kimi var olmaq istəyiriksə, mütləq bu yolu keçməliyik. Təbii ki, müharibə qurban tələb edir və döyüşlərdə qəhrəmancasına şəhid olan əsgərlərimizi, mülki insanlarımızı itirmək bizi çox kədərləndirir. Mənim də əsgər yaşında övladım var və bütün itgilərimiz bir ana, bir bacı, bir vətəndaş olaraq mənə də çox ağır gəlir. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan haqq yolundadır və öz doğma torpaqlarında döyüşür. Yəni bizim Ermənistandan fərqli olaraq başqa ölkələrin torpağında gözümüz yoxdur və öz torpaqlarımızı azad etmək üçün döyüşürük. Eyni zamanda mülki əhaliyə zərər vermir və mübarizəni yalnız döyüş meydanına aparırırıq. Düşmən tərəf isə mülki insanları hədəfə alır, Gəncəyə, Bərdəyə və digər bölgələrimizə qarşı terror aktları həyata keçirir. Əminəm ki, Azərbaycan Ordusu ən qısa müddətə işğal olunmuş bütün torpaqlarımızı işğaldan azad edəcək. Məlum olduğu kimi qısa müddət ərzində çoxlu sayda yaşayış məntəqələrimiz, rayonlarımız Ali Baş Komandanın və əsgərlərimizin döyüş xəttində və diplomatiya cəbhəsindəki qəhrəmanlığı ilə düşmən tapdağından azad olunub. O da bütün dünyaya məlumdur ki, Azərbaycan Ordusu tam üstünlüyə malikdir. İnşallah, Ali Baş Komadanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bizə qələbə müjdəsini verəcək. Döyüşlər bitəndən sonra istərdim ki, “MedEra Hospital”ın Şuşada filialını açmaq bizə nəsib olsun. Xatırladım ki, “MedEra Hospital”ın əksər həkimləri cəbhə bölgəsində və Müdafiə Nazirliyinin Hərbi Hospitalında hərbçilərimizə xidmət göstərirlər. Yəni biz də vətəndaş olaraq bacardığımız qədər bu haqq işinə öz töhfəmizi verməyə çalışırıq.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvüsünüz. Assosiasiya ilə bağlı fəaliyyətiniz, planlarınız da maraqlıdır…

– Artıq bir ilə yaxındır ki, AQSİA-nın üzvüyəm. Bu məqamda haşiyə çıxaraq qeyd edim ki, buna qədər də mən ictimai fəaliyyətlə məşğul olmuşam. İngiltərədə Azərbaycan Qadın Cəmiyyətinin üzvü olaraq xaricdə yaşayan soydaşlarımızla əməkdaşlıq etmişəm, müxtəlif layihələr həyata keçirmişik. Bu təşkilat Avropada azərbaycanlı xanımların ən uğurlu birlik platformasıdır. İctimai fəaliyyətə olan marağım, hər zaman qadınların inkişafına önəm verən biri kimi AQSİA diqqətimi cəlb etdi. AQSİA sahibkar qadınların uğurlu platformasıdır və düşünürəm ki, ölkəmizdəki ictimai təşkilatlar arasında aktiv qurumlardan biridir. İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə təsis edilən Assosiasiya bu gün çoxsaylı uğurlu layihələr həyata keçirir. Bu danılmazdır. Qarşılıqlı mübadilə, birgə təşəbbüslər, sahibkarlığın inkişafı, qadınların stimullaşdırılması, peşə vərdişlərinin artırılması istiqamətində həyata keçirilən təlimlər, ictimai aktivliyi artırmaq baxımından AQSİA-nın yetərincə xidməti var. Bu xidmətlərdən yararlanmaq, eləcə də Assosiasiyaya töhfə vermək əlbəttə, bütövlükdə qadın inkişafına təkan verən faktor rolunda çıxış edir. İngiltərədə qazandığım təcrübəyə əsaslanaraq Azərbaycanda QHT-lərin zəif olması qənaətində olsam da, AQSİA bütün bu streotipləri qrmağı bacardı. Yeri gəlmişkən, son illər Azərbaycanda qadın hərəkatının inkişafında, təşəkkül tapmasında Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyevanın böyük və əvəzedilməz xidmətlərini qeyd etməmək mümkün deyil. Və biz qadın ictimaiyyətinin fəal nümayəndələri olaraq bu dəstəyə görə, Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk.

– “MedEra Hospital”ın qurucularından birisiniz. Sahibkarlıq fəaliyyətinizlə bağlı oxucularımızla nələri bölüşərdiniz?

– Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, “MedEra Hospital” fəaliyyət göstərdiyi müddət ərzində böyük etimad qazana bilib. Çoxprofilli klinika olaraq reanimasiya, poliklinika və cərahiyyə şöbələrimiz fəaliyyət göstərir. 20-25 yataqdan ibarət reanimasiya və stasionar bölmələrimiz var. Hazırda 256 işçimiz əhalinin sağlamlığının keşiyindədir. Ölkəmizin tanınmış həkimlərini, cərrahlarını öz sıralarımıza cəlb edə bilmişik. Avropa dövlətləri, Almaniya, İsrail, Türkiyə və Rusiya ilə əməkdaşlıq edirik. Eyni zamanda laboratoriya sahəsində İngiltərənin “Ligas” şirkəti ilə sıx əməkdaşlıq şəraitində çalışırıq. Bizim bütün analizlərimiz orada təkrar yoxlamadan keçirilir. Klinika qurulduğu gündən 8 il ötür. Bu müddət ərzində “MedEra Hospital” ciddi uğurlara imza atıb. Heç şübhəsiz burada bizə etibar edən xəstələrimizin, peşəkar həkimlərimizin və komandamızın rolu böyükdür. Əminik ki, gələcəkdə daha ciddi uğurlara nail olacağıq. Çünki biz öz üzərimizdə işləyir və daim irəliyə baxırıq. Yenilənmə, inkişaf bizim üçün prioritetdir.

Azərbaycanda icbari tibbi sığortaya keçid edilir. Sizcə, ölkəmiz bu keçidə hazırdırmı?

– Təbii ki, sizin də dediyiniz kimi, hazırda proses keçid mərhələsidir və bu bir qədər zaman alacaq. Rayonlarda icbari tibbi sığortaya keçid baş tutsa da, paytaxda bu hələ baş tutmayıb. İcbari tibbi sığorta dövrün tələbidir və Azərbaycan da buna keçidi təmin etməlidir. Bu sahədə hələki həllini tələb edən məsələlər kifayət qədərdir. Amma zamanla bunların aradan qalxacağına inanıram.

Sizcə, Azərbaycan səhiyyəsinə inam niyə azdır və iddialar var ki, buna əsas səbəb müştərilərin etimadından sui-istifadə hallarıdır?

– Tam səmimi deyirəm. Azərbaycanda elə həkimlər var ki, dünyanın çox ölkəsində belə savadlı, fundamental bilikli, təcrübəli, peşəkar həkimlər yoxdur. Çox təəssüf ki, bu əksər hallarda olduğu kimi qəbul olunmur. İnsanların beyninə həkk olunub ki, Türkiyədə, İranda və dünyanın başqa dövlətlərində daha güclü həkimlər var. Əslində isə belə deyil. Misal üçün pediatr Əli Quliyev, oftomoloq Fariz Sadıqov, neyrocərrah Əliosman Qədimbəyli və digər peşəkar uzmanlar hazırda Avropa protokollarına uyğun olaraq “MedEra Hospital”da fəaliyyət göstərirlər. Onlar öz sahələrində Azərbaycanın ən tanınmış, ən etibar olunacaq mütəxəssisləridir.

İnstrumental müayinələrlə bağlı fikirlər səslənir ki, klinikalar ən müasir avadanlıqlarla təhciz olunsa da, kadr problemi var?

– Bu fikirlə razı deyiləm. Düzdür, bir neçə il öncəyə qədər bu problemlər mövcud idi. Amma artıq bu çatışmazlıqlar aradan qaldırılıb. Bu gün Azərbaycanda kifayət qədər peşəkar radioloqlar və mütəxəssislər fəaliyyət göstərir. Onlar vaxtaşırı dünyanın ən müasir, öndə olan tibb mərkəzlərində ixtisasartırma kurslarına gedir və baş verən yenilikləri əxz edirlər. Bu gün araşdırsanız əvvəlki illərdən fərqli olaraq artıq Azərbaycanda nə instrumental, nə də laborator müayinələrin tədqiqində hər hansı problem yoxdur.

Koronavirus statistikası yenidən artır. Nə baş verir, ikinci dalğamı qayıdır?

– Hesab edirəm ki, koronavirusun ikinci dalğası artıq başlayıb. Lakin bunun miqyası, ötən dəfəkindən çox və ya az olması barədə qəti söz demək mümkün deyil. Görünən odur ki, COVİD-19 infeksiyası bütün dünyanı yenidən cənginə alır. Təbii Azərbaycan da dünyanın bir parçasıdır. Pandemiyadan ən az zərərlə çıxmaq üçün, hesab edirəm ki, qəbul olunan qaydalara ciddi riayət etmək lazımdır. Xüsusən canlı təmaslardan mümkün qədər yayınmaq, sanitar-gigiyenik qaydalara əməl etmək vacibdir.

// Azər Niftiyev, SOSİUM.az

Oxşar xəbərlər