Qarabağda aqrar sahə də inkişaf edəcək

Kənd Təsərrüfatı Nazirliyi hesablamalara və plan qurmağa başlayıb.

Azərbaycanın işğal altında olan torpaqlarının geri alınması həmin ərazilərdə iqtisadiyyatın bərpası üçün təcili addımların atılmasını zəruri edir. Müvafiq infrastruktur yaradıldıqdan sonra Qarabağda iqtisadiyyatın müxtəlif sahələri, xüsusilə də kənd təsərrüfatının inkişafı istiqamətində ciddi addımlar atılmalıdır.

Qeyd edək ki, ordumuzun Ermənistan işğalından azad etdiyi rayonlarda Prezident İlham Əliyevin oktyabrın 29-da imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanına uyğun olaraq xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılıb. Fərmana əsasən müvəqqəti komendantlıqlara Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi həyata keçiriləcək;

SOSİUM.az xəbər verir ki, Kənd təsərrüfatı naziri İnam Kərimovun bugünlərdə verdiyi açıqlamaya görə, gələcəkdə işğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi nəzərdə tutulur: “Artıq bununla bağlı hesablamalara və Fəaliyyət Planının hazırlanmasına başlanılıb”.

İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı məlumata görə, rayonlarımızın işğal olunması nəticəsində 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, o cümlədən 127 min 700 hektar suvarılan torpaq, 34 min 600 hektar üzüm və meyvə bağları sahəsi, 1200 kilometr irriqasiya sistemi işğalçıların əlinə keçib, işğal edilən ərazilərdən kənarda yerləşən 5 rayonda 120 min hektar əkinəyararlı torpaq sahəsi suvarılmamış qalıb və praktiki olaraq təsərrüfat dövriyyəsindən çıxarılıb. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara aparılıb.

Mərkəzin icraçı direktoru Vüsal Qasımlı bildirir ki, işğal olunmuş ərazilər işğaldan əvvəl Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi: “İndi isə Ermənistanın işğal nəzarəti altında saxlamasına baxmayaraq, bu zona Ermənistan üçün səmərəsiz olub. Təkcə Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpaqların olmasına baxmayaraq, bu ərazilərin cəmi 7 faizində istifadə edilib. Belə ki, çayların əsasən şimal hissədə yerləşməsi, əkin sahələrinin isə cənubda olması və həmin ərazilərdə yeraltı suların daha dərində yerləşməsi, işğaldan əvvəl mövcud olan irriqasiya sisteminin məhv edilməsi bu ərazilərin istifadəsiz olaraq qalması ilə nəticələnib. Əkin sahələrində məhsuldarlıq aşağı səviyyədə olub və hər hektardan cəmi 10-12 sentner taxıl götürülüb. Halbuki bu rəqəm işğaldan əvvəl 21-25 sentner idi. Azərbaycan işğaldan azad olunan torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Eyni zamanda, burada emal və ərzaq sənayesinin inkişafı potensialı var”.

V.Qasımlının sözlərinə görə, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmininə ciddi töhfə verəcək: “Xüsusən də heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi yaxşılaşacaq. Hazırda ölkəmizdə özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə 82,5 faiz, süd və süd məhsulları üzrə 86,2 faizdir. Proqnozumuza görə, işğaldan azad edilən ərazilərdə təsərrüfat fəaliyyəti bərpa ediləndən sonra bu məhsullarla özümüzü təmin edə biləcəyik. Həmçinin Azərbaycanda dənli (çəltik daxil edilmir) bitkilər üzrə özünü təmin etmə səviyyəsi 70 faizə çatır. Torpaqlarımızın işğaldan azad olunması bizə imkan verəcək ki, bu sahədə də vəziyyəti yaxşılaşdıraq”.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, sovet dönəmində Qubadlı iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi. Rayonda ildə 15 min tona qədər taxıl məhsulları, ildə 12 min tona yaxın yem, orta hesabla 2 min ton tütün, 1,2 min tonadək ət və 2 min ton süd məhsulları istehsal olunurdu. Dövlətə ildə orta hesabla 3 min ton üzüm satılırdı. İstehsal sahələrindən biri də baramaçılıq idi. İldə 60-70 ton barama istehsal edilib dövlətə təhvil verilirdi. 60-cı illərədək rayon çəltikçiliklə də məşğul olub. Qubadlı düyüsü o dövrdə respublikada məşhur idi.

Zəngilan rayonu respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətcə əsasən kənd təsərrüfatı istiqamətli olub, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə edib. Əkin üçün yararlı olan 35548 ha. torpağın 7204 ha illik, 2667 ha çoxillik bitkilər altında istifadə edilib, 207 ha sahəni biçənəklər və 22873 ha sahəni isə otlaqlar təşkil edib. Əkin altında olan 7204 ha sahədə 4000 ha taxıl, 307 ha tütün, 41 ha şəkər çuğunduru, 56 ha kartof, 33 ha tərəvəz, 10 ha bostan bitkiləri becərilib. 41 ha meyvə və giləmeyvə bağlarından, 2047 ha isə üzümlüklərdən ibarət olub. İl ərzində dənli bitkilər istehsalı orta hesabla 3180 ton, tütün istehsalı 1700 ton, barama istehsalı 80 ton, bostan məhsulları 30 ton, kartof istehsalı 20 ton, üzüm istehsalı 18000 ton təşkil edib. Rayonun ictimai təsərrüfatlarında iribuynuzlu mal-qara 9340 baş, qoyun-keçi 12000 baş, o cümlədən, inək və camışlar 1300 baş, donuzlar 30 baş olmaqla 310 ton ət, 1700 ton süd, 11,5 ton yun istehsal edilib. Fərdi təsərrüfatlarda mal-qara (iribuynuzlu) 43000 baş, qoyun-keçi (davarlar) 92000 baş, arı ailəsi 1400 yeşik, meyvə ağacları 287000 ədəd təşkil edib. Rayonda 12000 baş quş yetişdirmək gücünə malik olan 1 quşçuluq kompleksi fəaliyyət göstərib.

Cəbrayıl rayonunda işğala qədər 40 39 hektar meşə zolağı, 58 585 hektar əkin sahəsi, 1 079 hektar bağ sahəsi var idi. Rayon ərazisindəki iki böyük suvarma kanalından kənd təsərrüfatının intensiv inkişafını təmin edirdi. İşğaldan əvvəlki dövrdə rayon iqtisadiyyatında əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, quşçuluq və baramaçılıqla məşğul olurdu.

Füzuli rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edib. Bu da məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi torpaq sahələrinin olması ilə izah edilir. İşğala qədər rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf edib. Kənd təsərrüfatına yararlı torpaqlar 85 min hektar idi. 50,9 min ha otlaq sahələri var idi. Rayonda Köndələn çayı üzərində Köndələn su anbarı tikilmiş, suvarma kanalları çəkilmişdi. Suvarılan torpaqlar 24 min hektardı. İşğaldan əvvəl təsərrüfatlarda 17,6 min baş qaramal, 70 min baş qoyun və keçi saxlanılırdı.

Ağdam rayonunun 70 faizi işğal altında olub. Rayonun 40 min hektardan çox olan əkin sahəsinin çox hissəsi işğal edildi və Azərbaycan yalnız 17 min hektar sahədə əkin işləri apara bilirdi. Rayon əkinçiliyin inkişafı üçün əlverişli əraziyə sahibdir.

Rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, bitkiçilik, arıçılıq və qismən də bağçılıq və bostançılıq təşkil edir. 1992-ci ilə qədər rayonun ictimai və şəxsi təsərrüfatlarında 40211 baş iri və 244000 baş xırda buynuzlu heyvanlar, 44235 arı ailəsi, 1470 hektar meyvə ağacları vardı. Rayonda 3438 hektar sahədə taxıl, 245 hektar sahədə çoxillik otlar, 31 hektar sahədə isə kartof əkilib becərilirdi. Ümumiyyətlə, həmin dövrdə rayon üzrə 36.1 min nəfər əmək qabiliyyətli əhalidən 29.5 min nəfəri kənd təsərrüfatında çalışırdı. Hər il rayon üzrə dövlətə 6000 ton süd, 5000 ton ət, 400 tondan çox yun satılırdı.

Göründüyü kimi, işğaldan azad olunan ərazilərin kənd təsərrüfatının inkişafı baxımından potensialı çox genişdir. Bu potensialdan səmərəli istifadəyə nail olunması üçün müvafiq stukturların indidən işə başlaması vacibdir.

Oxşar xəbərlər