Əlillərə qarşı dələduzluq edən şəxs məhkəmədə

“Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri üçün inşa edilmiş mənzilləri qanunsuz olaraq satmaqda təqsirli bilinən Məzahir Nəsibovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

SOSİUM.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.

Qeyd edək ki, Bakı şəhər sakini Məzahir Nəsibovun “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İB və Nərimanov rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq birliyin üzvü olan gözdən əlillər üçün inşa edilən hündür mərtəbəli yaşayış binasındakı mənzillərin aztəminatlı ailələr üçün növbəlilik qaydasında paylanması nəzərdə tutulmasına baxmayaraq, binanın tikintisi başa çatdıqdan sonra özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib 111 nəfər kənar şəxslərə sataraq onlara 6,5 milyon manat məbləğində zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub, Məzahir Nəsibov istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib.

Ukrayna Respublikasının hüquq-mühafizə orqanları ilə qurulmuş sıx əməkdaşlıq əlaqələri nəticəsində Məzahir Nəsibov Ukraynada tutularaq 11 may 2020-ci il tarixdə ölkəmizə ekstradisiya olunub.

Oxşar xəbərlər