Rusiyada səfirimiz: “Dağlıq Qarabağın statusu yoxdur”

Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın erməni əhalisinə mədəni muxtariyyət verilməsi imkanlarını nəzərdən keçirir.

SOSİUM.az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu keçirdiyi onlayn brifinqdə söyləyib.

“Bu gün Dağlıq Qarabağın statusu yoxdur. Bu, ən yaxşı halda orada yaşayan erməni əhalisi üçün mədəni muxtariyyət ola bilər”.

Səfir bildirib ki, bir vaxtlar Dağlıq Qarabağdakı evlərini tərk etmək məcburiyyətində qalan bütün azərbaycanlılar oraya qayıdacaqlar.

P. Bülbüloğlu bildirib ki, Azərbaycan vətəndaşları 30 ildir ki, Dağlıq Qarabağ məsələsinin həllini gözləyirdilər:

“Demək olar ki, bir milyon azərbaycanlı ata-babalarının yaşadığı ərazilərdən qovulub. Əlbəttə ki, Azərbaycan tərəfdən evlərindən qovulanların hamısı geri dönəcək. Bunun üçün infrastruktur yaradılmalıdır və bu asan proses deyil”.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rusiyanın münaqişənin həllindəki rolunu yüksək qiymətləndirdiyini və şəxsən Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını ifadə edib.

Oxşar xəbərlər