“Qarabağ florası daha ətraflı tədqiq olunmalıdır”

AMEA Botanika İnstitutunun laboratoriya müdiri

Biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva YAZIR:                       

Hər kəsə bəllidir ki, son 27 il ərzində Qarabağ ərazisi işğal altında qalmış və oranın təbiətinə ciddi ziyan dəymişdir. Bundan başqa Kiçik Qafqaz sıra dağlarının 6 silsiləsindən 3-ü (Qarabağ, Zəngəzur və Dərələyəz silsilələri) uzun illərdən bəri düşmən tapdağında ölüm-qalım savaşı verir. Lakin elə bitkilər var ki, onlarn areal diapazonu yalnız Qarabağ və ona bitişik ərazilərlə məhdudlaşır. Qarabağ ərazisinin bioloji ehtiyatlarını qorumaq və müasir vəziyyətini təyin etmək üçün floristik və sistematik araşdırmalara böyük ehtiyac vardır. Bitkilərin əsas forma müxtəlifliyinin mərkəzləri, irsi müxtəlifliyin paylanma təbiəti, növlərin formalaşma intensivliyi sistemli tədqiqatlarla müəyyən edilməlidir. İşğala məruz qalan rayonlarda taksonomik tərkibə 2500-ə (təqribən 50%) qədər bitki növü daxildir ki, bunların populyasiya göstəriciləri, arealları və son vəziyyəti barədə heç bir məlumatımız yoxdur. Bildiyiniz kimi Azərbaycanın Respublikasının ərazisi bənzərsiz və zəngin flora örtüyünə malikdir (1117 cinsə aid 4961 növ). Azərbaycan Qafqaz ərazisinin təxminən 16%-ni əhatə etsə də, flora baxımından (6350 növ) 70%-ni təşkil edir. Azərbaycanın botaniki-coğrafi bölgüsündə 2 botaniki coğrafi rayonu (Kiçik Qafqazın mərkəzi və cənubu) düşmən işğalına məruz qalmış, illərdir meşələri, bozqırları, çala-çəmənləri və su-bataqlıq bitkiləri və s. son durumu barədə heç bir məlumat əldə edilməmişdir. Bəzi ərazilərimizdə yabanı bitkilər tamamilə məhv edərək yerində narkotik bitkilər becərmiş və bununla da ermənilər öz mənfur xislətlərini bir daha sübut etmişlər. Digər tərəfdən, Qarabağın təbiətinə olan antropogen təsirlər bir sıra qiymətli bitkilərin fərdlərinin sayının azalmasına və ya tamamilə məhv olmasına gətirib çıxarmışdır. Bu 44 günlük Vətən Müharibəsində  biz bunların canlı şahidi olduq ki, onlar meşələri necə yandırır, ağacları necə kəsib doğrayırlar. Hazırda Qarabağ meşələri florası və ümumən biomüxtəlifliyi öyrənilməli və dəyən ziyanlar ortaya çıxarılmalıdır. Suqovuşan və digər su-bataqlıq əraziləri, çay ətrafları və onların özünəməxsus faydalı xüsusiyyətləri olan bitkiləri ciddi şəkildə tədqiq edilməlidir.

Bir çox illər ərzində antropogen təsirlərə məruz qalmış, daşı daş üstə qalmamış Qarabağın kənd örüş və biçənəkləri, meşələri, ümumiyyətlə bitki örtüyünün müasir vəziyyəti barədə ermənilər tərəfdən bir cümlə belə yazılmamışdır.

Azərbaycan florasının və bitki örtüyünün öyrənilməsində alimlərimiz tərəfindən daima tədqiqatlar aparılmışdır, insanların əməli fəaliyyəti nəticəsində son 60-70 il ərzində bir çox bitki növlərinin (İles hircanica, Quercus araxina, Tulipa karabachensis, Zelcova caspinifolia, Daphne transcaucasica, Quercus macranthera, Acer trautvetteri, Betula pendula, Ulmus glabra, Padus racemosa, Poaeonia mlokoswitschii, Laurocerasus officinalis, Ammochloa paleastina və s.) arealları daralmış, bəzi növlər isə itmək təhlükəsi ilə üzləşmişdir. Belə ki, Bozdağ, Didrardağ və başqa dağ silsilələrində özlərinin əmələgəlmə və formalaşma­sına görə buzlaşma dövrünün sonuna aid olan bitki senozlarında Erysinium, Xeranthemum, Stipa, Melica, Dianthus cinslərinə aid növlər tamamilə sıradan çıxmışdır. Bir sıra kserofit, hemikserofit bitkilər, o cümlədən ardıc (arçan), qırtıc, qarayonca və s. növlərin arealları qismən daralmış və ya onlar tamamilə məhv olmuşlar. Bütün bunları nəzərə alaraq Qarabağın florasının qorunmasının yalnız elmi və praktiki deyil, eyni zamanda tarixi əhəmiyyətə malik olması hər kəsə bəllidir, ərazidə qiymətli növlərin gələcək nəsillərə çatdırılması üçün yeni qoruq və yasaqlıqların təşkil edilməsi vacibdir. Ümid edirik ki, ərazinin biomüxtəlifliyi öyrənildikdən sonra yeni milli parkın yaradılması qaçılmaz olacaqdır.

İşğal altında olan ərazilərin bitki örtüyü şaquli zonallıq üzrə yarımsəhralar və yarımbozqırlar (dəniz səviyyəsindən hündürlüyü 400 m-ə qədər); bozqır bitkiliyi (400-800m); mezofil meşələr (1000-2000m); yüksək dağlıq bitkiliyi (2000-2500m); alp-subalp bitkiliyi (2200-3000m); qaya bitkiliyi (Murovdağ ərazisi 3000-dən yuxarı) tiplərinə bölünməklə tədqiq edilməlidir.

Qeyd etmək lazımdır ki, Qarabağın işğaldan öncəki vəziyyət barədə Azərbaycan alimlərinin elmi tədqiqatlarının nəticələri vardır və bu sahədə çoxsaylı əsərlər yazılmışdır. Lakin erməni botaniklər “Qarabağ bizimdir” deməklərinə rəğmən mətbuatda oranın florsı barədə heç nə yazmamışlar. Hazırda torpaqlarımız işğaldan tam azad olunmuşdur, minalardan təmizləndikdən sonra alimlər tərəfindən ekspedisiyalar təşkil etməklə ərazinin florsı, bitkiliyi və ümumən bioloji müxtəlifliyi barədə elmi mənbələrə əsərlər təqdim etmək mümkün olacaqdır.

Qarabağ ərazisində tipik landşaftların yaxşı qalmış ən səciyyəvi kiçik sahələrin, xüsusi gözəlliyi ilə seçilən guşələrin, endemik, relikt və nəsli kəsilməkdə olan növlərin, çoxyaşlı ağacların, bağ-park sənəti nümunələrinin, şəlalələr, mağaralar, nadir göllər, yeraltı su çuxurlarının, digər diqqətəlayiq yerlərin təbiət abidələri kimi mühafizəsi ilə bağlı Azərbaycan alimləri tərəfindən çoxsaylı təkliflər hazırlanmış və müvafiq orqanlara təqdim edilmişdir.

Qarabağın işğal altında olan 26000 hektar meşə ərazisində (Laçın, Kəlbəcər, Ağdərə rayonlarında) qiymətli fısdıq, cokə, vələs, palıd ağacları qırılaraq yandırılmış və meşələrimiz məhv edilmişdir. Erməni təcavüzünə məruz qalmış qoruqlar (Qaragöl və Bəsitçay qoruqları) talan edilmiş, dövlət yasaqlıqlarımız (Qubadlı, Arazboyu, Daşaltı və Laçın) antropogen amillərin mənfi təsirinə məruz qalmışdır. Onu da qeyd edim ki, işğala qədər Qarabağın meşə fondu 160000 hektardan çox olmuşdur. Bəsitçay Dövlət Təbiət Qoruğu Zəngilan rayonunda Bəsitçayın dərəsində, 100 hektarını çinar meşəsi tutan bir ərazidədir. Artıq bu torpaqlar işğaldan azad olunmuşdur və yenidən təftiş edilməsinə şərait olacaqdır.  Qaragöl Dövlət Təbiət Qoruğu Laçın rayonunun yüksəkdağlıq ərazilərini əhatə edir. Burada işğaldan öncə 100-dən artıq bitki qorunurdu, Laçın işğaldan azad edilmişdir və yaxın gələcəkdə Qarağöl Dövlət Təbiət Qoruğunun müasir vəzyyəti yenidən tədqiq ediləcəkdir. Yasaqlıqlardan ən yaddaqalanı qırmızı palıdın mühafizə olunduğu Laçının Hacışamlı meşəsidir. Qubadlı və Laçın ərazisində yaradılmış digər qorunan ərazi isə qızılı palıdın, qoz ağaclarının, vələs, ağcaqayın, yemişan, ardıc və s. olduğu Qubadlı Dövlət Təbiət Yasaqlığıdır. Şuşa və Xocalı ərazisində vaxtılə Daşaıltı Dövlət Təbiət Yasaqlığı və Zəngilan rayonunun İranla sərhəddində Arazboyu Dövlət Təbiət Yasaqlığının son durumu barədə heç bir məlumat yoxdur. Hesab edirəm ki,  bu qoruq və yasaqlıqlar yeni elmi tədqiqat obyektlərinə çevrilməlidir. Qarabağ ərazisində vaxtılə yaradılan qoruqlar və yasaqlıqlar Qarabağ Milli Parkı statusu qazanmalıdır.  İnanıram ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılacaq tədqiqatlar nəticəsində nadir və arealı daralan növlər barədə yeni araşdırmalar aparılacaq və bu bitkilərin bərpası qayğısına qalınacaq.

Oxşar xəbərlər