“Pandemiyanın iqtisadiyyata təsiri az deyil”

Artıq neçə aydır ki, dünya əhalisi COVID-19 pandemiyası ilə mübarizə şəraitində yaşayır. Dövlətlərin iqtisadiyyatı getdikcə zəifləyir. Hətta yüksək inkişaf dövrünü yaşayan bir çox ölkələrdə acınacaqlı sosial şərait hökm sürür. Bu dəhşətli bəla özünü büruzə verdiyi ilk günlərdən Azərbaycan dövləti koronavirus infeksiyası ilə mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlayıb, müvafiq strukturları COVİD-19-un geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq kimi vəzifələrə ciddi şəkildə yanaşmağa səsləyib.

Etiraf edək ki, bunun müsbət nəticəsi olub. Başqa sözlə, xüsusi karantin rejimi dövründə, sərt qadağalar şəraitində yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib. Lakin təəssüflə etiraf etməliyik ki, xüsusi karantin rejimi yum¬şaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb. Bu isə hökuməti ölkədə pandemiya ilə mübarizəni yenidən sərtləşdirməyə məcbur edib. Bəs görəsən, yenidən karantin rejiminin tətbiqi iqtisadiyyatımıza nə dərəcədə təsir göstərə bilər?

SOSİUM.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov vurğulayıb ki, Azərbaycanda sərt karantin rejimi hələlik yalnız həftə sonları tətbiq olunur. O vurğulayıb ki, həftə sonu məhdud sayda iqtisadi fəaliyyət sahələrinin işləməsinə icazə verilir:

“Təbii ki, burada bir tərəfdən epidemioloji vəziyyət nəzərə alınaraq qərarlar verilir. Nəzərə alsaq ki, bu gün bir sıra ölkələrdə sərt karantin tədbirləri tətbiq olunsa belə, bəzi ölkələrdə bunun yenidən tətbiq olunmasında maraqlı deyillər. Azərbaycan isə həftə içi praktik olaraq müddətli şəkildə biznesin fəaliyyətinə icazə verir. Amma həftəsonu yalnız məhdud sayda iqtisadiyyat sahələri fəaliyyətini davam etdirmək imkanı qazanır”.

Ekspert bildirib ki, sərt karantin tədbirlərinin iqtisadi təsirləri var:

“Çünki nəzərə alsaq ki, sərt karantin tədbirləri xüsusən xidmət və ictimai-iaşə sektorunda fəaliyyətlərin məhdudlaşmasına səbəb olur.

Nəticə etibarilə, bu da ona gətirib çıxarır ki, həmin sektorda çalışanların işlə təminatı, işinin davam etdirilməsi ilə bağlı xüsusən özəl sektorda maddi cəhətdən vəziyyətləri çətinləşir. Bu baxımdan nəinki Azərbaycan, hətta digər ölkələrdə də bu tip qaydalar tətbiq edilən zaman onun iqtisadi təsirləri də ayrıca qiymətləndirilir.

Ölkələr çalışır ki, iqtisadi təsirləri minimumlaşdıra bilsinlər. Amma təbii ki, epidemioloji vəziyyətə uyğun olaraq qərarlar verilir. Hesab edirəm ki, növbəti dövrdə epidemioloji vəziyyətdən asılı olaraq qərarlar qəbul ediləcək. Hələlik həftə sonu sərt karantin rejiminin təsirləri qiymətləndirilir. Nəzərə alsaq ki, onun dekabrın sonuna qədər davam etməsi nəzərdə tutulur. Amma bir sıra Avropa ölkələrinin təcrübəsi göstərir ki, yoluxma sayının tənzimlənməsinin məhdudlaşdırılması hər birimizdən asılıdır.

Hər birimiz buna əməl edəriksə, o zaman hər hansı karantin tədbirlərinin tətbiq edilməsinə ehtiyac qalmaz. Xüsusən də, gigiyenik qaydalara əməl etməklə, birmənalı şəkildə yoluxma sayının qarşısını almaq mümkündür.

Ona görə də düşünürəm ki, növbəti mərhələdə sərt karantin tədbirlərinin tətbiq olunmaması üçün bu qaydalara əməl edilməsi çox vacibdir.

Hər birimiz çalışmalıyıq ki, bütün imkanlar çərçivəsində virusun yayılma çoğrafiyasının məhdudlaşdırılmasına nail ola bilək”.

Oxşar xəbərlər