“İlin uğursuz siyasətçisi” üçün acı nəticə

Əntiqə Rəşid yazır:

Toydan sonra nağaranı ancaq axmaqların çaldığını bilirsiniz. Bu dəfə də Nikol Paşinyan növbəti axmaq qərarları ilə ölkəsini yendən bir uçrumun kənarına itələməkdədir. Bəli erməni mətbuatı, xüsusən “Joxovurd” qəzeti bu günlər yeni bir sensasion xəbərlə çıxış edib. Qəzet bildirib ki, Ermənistanda vətəndaşlar yenidən hərbi komissarlığa dəvət olunur.
“Bizə şikayət edən vətəndaşlar deyirlər ki, müharibə bitsə də, onları hərbi komissarlığa çağırırlar, lakin səbəbi haqda heç bir məlumat verilmir. Belə vətəndaşlar bildirirlər ki, indi ordudan yayınmaq üçün pul verənlərin növbəsidir, xidmətə belələri getməlidir”, – qəzet yazır.

Qəzet məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinə sorğu göndərib. Müdafiə Nazirliyinin səfərbərlik və çağırış xidmətinin rəisi Armen Avtandilyan deyib ki, “22-24 dekabr tarixlərində Ermənistanda səfərbərlik planlaşdırılırdı, lakin Baş Qərargah rəisinin əmri ilə bu, ləğv olundu”.

Ermənistan niyə yenidən səfərbərlik etmək istəyib və sonradan ləğv olunub?

Bu sualın cavabı nə erməni rəsmilər tərəfindən, nə də erməni mediasında verilir. Lakin bir neçə gün öncə erməni mediası yazırdı ki, hakimiyyət etirazçıların sayını artırmaq üçün yenidən səfərbərlik etmək və etirazçılara hərbi xidmətin nə olduğunu göstərmək istəyir.

Digər versiya isə müharibədə Ermənistan ordusunun canlı qüvvəsinin sıradan çıxmasıdır: 10 minə qədər ölü, bunun iki qatı qədər yaralı, 3 minə qədər itkin var. Xarici ekspertlərsə Ermənistanın itkilərinin 25-30 min arası olduğunu qeyd edirlər.

Görünür, Ermənistanda sərhədlərin qorunması və digər qoşun növlərində xidmət aparacaq əsgər yoxdur. Yeni səfərbərliyin səbəblərindən biri bu ola bilər. Deyilən kimi düşünsək də, Paşinyan hakimiyyəti xəyalını qurduğu yeni bir məkrli planı da ola bilər. Onsuz da Paşinyanın belə xəyal məhsulu olan planlarının əsasında dünya onu “dəyərləndirib” Necə?

“ İlin ən uğursuz siyasətçisi”

Hər il olduğu kimi, 2020-də də fərqli şəkildə görünən, düşünən insanlar marağa səbəb olub. Belə hadisə və şəxslər nəinki yerli medianın, eləcə də dünya mediasının obyektindən yan keçməyib. Dünyanın diqqəti Qarabağ müharibəsində və regionda gedən situasiyalara yönəldiyi bir məqamda bunları dəyərləndirməyi də unutmayıb. Beləliklə, Ermənistan baş naziri Nikol Paşinyan 2020-ci ilin “ən uğursuz siyasətçisi” seçilib. O, Rusiyanın “İnterfaks” agentliyinin redaksiya heyətinin qərarı ilə bu ada layiq görülüb.

“Ermənistanın Qarabağ müharibəsində Azərbaycanba məğlubiyyəti ölkəni dərin daxili siyasi böhrana düçar edib. Odur ki, Paşinyanın hakimiyyətdən getməsi prinsip deyil, vaxt məsələsidir. İstisna olumur ki, hakimiyyətdən gedəndən sonra Paşinyan barəsində açılacaq cinayət işinə görə, siyasi mühacirətə yollanacaq”- deyə “İnterfaks” agentliyinin redaksiyası qərarını izah edib.

27 sentyabrdan bu günə qədər Qarabağda baş verən olayları diqqətlə izləyən Niderland Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının keçmiş prezidenti, Niderland-Azərbaycan dostluq qrupunun sədri Rene van der Linden baxış və düşüncələrini qeyd etməyi unutmayıb:

“İkinci Qarabağ müharibəsində qələbə həqiqətən də Azərbaycan Prezidenti İlham Əliyevin böyük uğurudur

30 ilə yaxın işğal altında qalmış torpaqların azad edilməsi bütün Cənubi Qafqazın inkişafına təkan verəcək” deyən sabiq senat sədrinin sözlərinə görə, Dağlıq Qarabağ çiçəklənməyə başlayacaq ki, bu da bütün regionun inkişafına təkan verəcək.

Bir sözlə, “elin gözü tərəzidir”- qədim Azərbaycan misalını modernləşdirsək, fikrimiz belə olar ki, əslində elə dünyanında gözü tərəzidir və “uğurlu” yaxud “uğursuz” siyasətçini seçməyi bacarır…

Oxşar xəbərlər