Düşməndən Türkiyəyə gülməli sanksiya

Ermənistanda başından yuxarı tullanmaq cəhdləri davam edir. Ölkənin soial-iqtisadi inkişafı üçün Türkiyə ilə sərhədlərin açılmasından asılı olsa da, hələ də bu reallığı qəbul etmək əhvalı müşahidə olunmur.

SOSİUM.az bizimyol.info-ya istinadən xəbər verir ki, bu gündən etibarən Türkiyə istehsalı olan məhsullarının Ermənistana idxal olunmasına qoyulmuş qadağa qüvvəyə minir. Bununla bağlı qərar 2020-ci il oktyabrın 21-də qəbul edilib.

Nə qədər ziddiyyətli olsa da, bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, ölkəsi Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmalıdır. Amma görünür, ictimai təzyiq hələ öz işini görür və cəmiyyətin reallığa qayıtması üçün zaman tələb olunacaq.

Qərar Türkiyənin Azərbaycana hərtərəfli dəstəyi ilə izah olunub. Qərara əsasən, bu “ağır sanksiya” ilkin olaraq 6 ay müddətində qüvvədə olacaq. Belə anlaşılır ki, Türkiyə bu qərardan güclü “narahatlıq” keçirsə, Ermənistan bazarını itirməkdən möhkəm “qorxsa” və Azərbaycana dəstəyini dayandırsa, 6 aydan sonra qərar ləğv oluna bilər, bununla da “dövlət quşu” yenidən Ankaranın başına qonar.

Qərara əsasən, Türkiyə istehsalı olan məhsulların həm birbaşa istehsalçı ölkədən, həm də Gütcüstan və başqa ölkələrdən idxalına qadağa qoyulur. Buna görə də Ermənistanda gömrük rəsmiləşdirilməsi ilə bağlı prosedurlara da dəyişiklik edilir. Bundan sonra bəyannamədə məhsulun istehsalçısı və mənşəyi olan ölkə barədə məlumat qeyd edilməlidir. Yəni başqa ölkələrin ərazisində istehsal edilən Türkiyə brendlərinin də idxalına qadağa qoyulur.

Ermənistanın iqtisadiyyat naziri Vaan Keropyan bildirib ki, Türkiyə məhsullarının illik idxal həcmi 200 milyon dollar təşkil edir. İdxal məhsulları arasında ən böyük çəki geyimlərin payına düşür – 69,4 milyon dollar. İdxalın strukturunda sitrus meyvələri 10,3 milyon, avtomobillər, avadanlıqlar və mexanizmlər (elektrik qızdırıcıları, soyuducular və s.) 35,2 milyon, neft və neft məhsulları 24,3 milyon, kimyəvi məhsullar 23,6 milyon, metallar və onlardan hazırlanan məmulatlar 21,6 milyon dollar paya sahibdir.

Qeyd edək ki, 200 milyon dollarlıq ixrac həcmi Türkiyə üçün əhəmiyyətli deyil və təbii ki, əhəmiyyətli olsaydı belə, Ankara bunun qarşılığında Ermənistanı razı salmağın yollarını aramazdı. Bu qərardan ən çox zərər görən tərəf elə Ermənistanın özü olacaq. Çünki həmin idxal həcminin yerini baha məhsullarla doldurmalı olacaqlar.

Bu arada Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi açıqlama Ermənistanda qanqaraçılıq yaradıb. Dövlət başçısı Türkiyə milli müdafiə naziri Hulusi Akarla görüşü zamanı Ermənistan vasitəsilə Azərbaycan-Türkiyə nəqliyyat dəhlizinin yaxın zamanlarda işə düşəcəyini bildirib: “Yaxın vaxtlarda biz Horadizdən Zəngilana – Ermənistan sərhədinə dəmiryol xəttinin çəkilişinə başlayacağıq. Qısa müddət ərzində Horadizdən Zəngilana avtomobil yolu çəkilib. Özüm də o yolla getmişəm, çox rahatdır, yüksək sürətlə hərəkətə imkan verir.

Yeni dəmiryol xəttinin işə düşməsi iki il çəkə bilər. Amma biz o müddəti gözləmək istəmirik. Yükdaşımalar Horadizə qədər dəmiryol vasitəsilə, sonra isə iritonnajlı maşınlarla həyata keçirilə bilər”.

Amma ermənistanda belə bir fikir yaranıb ki, bu nəqliyyat dəhlizi sonrakı mərhələlərdə Zəngəzurun “itirilməsinə” gətirib çıxaracaq.

Zəngəzurda isə sərhədlərin dəqiqləşdirilməsi zamanı bir sıra magistral yolların vacib hissələri Azərbaycana qaytarılıb. Nəticədə ərazilər arasında hərəkət zamanı Ermənistan vətəndaşları Azərbaycan ərazisindən keçməli olurlar.

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan bildirib ki, Zəngəzura alternativ yollar çəkilməlidir: “Ermənistanın sərhədlərindən kənarda qalan yol sahələrinə alternativlər inşa edilməllidir. Bununla bağlı müzakirələr aparılıb və qərara alınıb ki, Tatev-Axvan-Qafan yolu təmir edilərək yenidən qurulsun”.

Oxşar xəbərlər