Cənnətin mələkləri… – Şəfayət Avılbəyli yazır

Evimə qayıtdım. Xəstəxanaya getdiyim yolu qayıdarkən böyük şəhər mənə elə yadlaşmışdı ki, ancaq dönüb geriyə boylanmaq istiyirdim. Sanki, geridə nəyisə qoyub gedirdim. Mənə elə gəlirdi ki, xəstəxanada keçirdiyim 15 gün, 15 ilə bərabərmiş. Bu günlərin hər saniyəsi, hər dəqiqəsi mücadilə, mübarizə, bir ömrə bərabər günlər idi. Ayılanda başımın üstündə onları gördüm. Sakit və pıçıltı ilə danışırdılar. Duymurdum, görünməyən üzlərini, şüşəli eynəklərinin altında şəfqət dolu gözlərini, səssiz baxışlarını və nəhayət başımın üstündə asılmış saniyələrlə damcılayan sistem şlaqından başqa kimsə yox idi… Mən onları gördüm. Onlar CƏNNƏTİN MƏLƏKLƏRİ İDİ. Mənim yaşama səbəbim, gecə-gündüz məni qoruyan mələklər…, indi neçə-neçə mənim kimilərin yanındadır. Onlar sıradan bir həkim deyildilər… hər şeyi gözə alıb millət üçün, vətəndaş üçün mücadilə aparan qəhrəman mələklər idi…

  
Orda düşünməyə çox vaxt olur. Palatanın bir nöqtəsi bəs edir ki, gözlərini ora dikib keçmişi, gələcəyi saf-çürük edəsən. Bu hissləri orda yatan bütün xəstələrə aid edə bilərəm. Çünki, həyat mübarizəsi qədər şirin nemət olmadığını anladım. Qızdırma içində qovrulan neçə-neçə xəstələrə şəfa gətirən mələklər, onları evlərinə uğurladıqca gözlərin necə yaşardığını təsəvvür etmisinizmi? Hər dəfə palataya girib- çıxan bu bənzərsiz insanların heç yanından uzaqlaşmamasını istəmirsən. Ona görədə həmişə palatamın qapısını açıq saxlayırdım. ONLARI GÖRMƏK ÜÇÜN, AYAQ SƏSLƏRİNİ DUYMAQ ÜÇÜN..Bu mənə xoş gəlirdi. Sonrakı günlər üzlərində gülüş görürdüm. Bizim əvəzimizdən onlar xoşbəxt idi. Bu birliyi duymamaq mümkündümü?
 
İndi evimdəyəm, susqun halda düşünrəm..Pəncərədən çölə baxdıqca yad bir həyat görürəm. Ancaq CƏNNƏTİMİN MƏLƏKLƏRİNİ unuda bilmirəm və gözlərimin qabağından heç getmirlər. Onların çoxunun adını da bilmədim, bir şeyi unutmuram ki, hamısı mənim ağ mələklərim idi…bənzərsiz və bir-birindən seçilməyən… Allah onları bu müqəddəs mübarizələrində BƏXTİYAR ETSİN.
P.S. Bu yazını Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının fədakar həkimlərinə itihaf edirəm. Başda klinikanın direktoru Surxay Musayev olmaqla, Covid- la mübarizədə millətimizin sağlamlığı uğrunda yorulmaz xidmət göstərən həkim Samirə Məmmədovaya və onun ekibinə, eyni zamanda Tibb Universitetinin rəhbərliyinə və günlərlə xidmətimizdə duran gələcəklərini işıqlı və parlaq  gördüyüm universitetin tələbələrinə sonsuz təşəkkür edirəm.

Oxşar xəbərlər