“Həkimlərin sözlərinə inansaq görərik ki…”

SOSİUM.az Kanadada yaşayan soydaşımız Lalə Musaqızının moderator.az-a müsahibəsini təqdim edir:

– Hazırda Kanadada koronovirusla mübarizə necə aparılır?

– Əsas mübarizə insanları maarifləndirməklə aparılır. İnsanları elə maarifləndiriblər ki, keçən ilin avqust ayına qədər maska geyinmək könüllü olsa da, insanların 80 faizi qapalı yerlərdə maska ilə gəzirdilər, sosial məsafəyə riayət etməyə çalışırlar. Hazırda isə maska taxmaq məcburidir. Hətta orta məktəblərdə məktəbəqədər hazırlığa gedən uşaqlar, dövlət bağçalarında 2 yaşından başlayaraq uşaqlar içəridə maska taxmalıdırlar.

Hər gün ölkənin səhiyyə naziri, əyalətlərin rəhbərləri, ölkə prezidenti canlı yayıma çıxıb həm insanları maarifləndirir, son statistikanı verir, həm də adi vətəndaşların jurnalistlərə yönləndirdiyi sualları canlı olaraq cavablandırırlar.

Test də pulsuzdur, şübhələnən kimi hər həftə belə test elətdirmək imkanın var.

– Koronavirusdan dolayı hansı qaydalar tətbiq olunub?

– Keçən ilin martın sonlarında koronovirusla əlaqədar karantin elan edildi. Təhsil müəssisələri, bir çox iş yerləri bağlandı. Marketlərə girişdə uzun növbələr var idi, çünki içəridə çox adamın yığışması xəstəliyin artmasına səbəb ola bilərdi. Avtobuslarda ayaq üstə adam götürmək olmazdı, oturacaqlarda da bir nəfərdən bir əyləşmək mümkün idi. Çünki maska taxmaq könüllü idi. Buna görə də avtobuslar az qala hər 1-2 dəqiqə intervallaişləyirdi ki, sıxlıq yaranmasın. Hazırda maska məcburi olduğu üçün avtobuslarda insanlar ayaq üstə də dururlar.

Yay aylarında karantin qaydaları yumşaldıldı. Çünki bu aylarda isti ilə əlaqədar koronavirusun yayılması zəiflədi. Hətta yay məktəbləri, uşaqlar üçün oyun meydançaları və s. açıldı. Hər şey az qala koronavirus pandemiyasından əvvəlki hala qayıtmağa başladı. Bağçalar iyuldan, məktəblər sentyabrın 15-dən fəaliyyətə başladı. Dərsə gəlmək istəməyənlər dərslərə onlayn qoşuldu. İmkanı olmayan uşaqlar dövlət tərəfindən notbukla, İnternetlə təmin edildilər.

Təəssüflər olsun ki, COVİD-19-a yoluxanların sayı artdığından yenidən ötən ilin dekabrın 26-dan karantin rejiminə keçdik. Bütün təhsil müəssisələri (uşaq bağçalarından başqa) və vacib olmayan bəzi bizneslər bağlandı. Yalnız ərzaq mağazaları, apteklər və xırdavat dükanları işləyir. Digər malları yalnız onlayn sifariş edə, gedib mağazanın bayır tərəfindən götürə bilər, yaxud da çatdırılma xidməti evə gətirə bilər.

– Yeni ili kanadalılar necə qarşıladı? Yeni il şənliklərinin keçirilməsinə COVİD-19-un təsiri oldumu?

– Kanadalılar Christmas (Krismas) bayramını daha təntənəli keçirirlər, nəinki Yeni ili. Hər il sözügedən bayramdan sonra şəhərdə, ticarət obyektlərindəki yolkalar sökülür. Christmas bayramı bu il 24-25 dekabrda idi. Sərt karantin rejimi də dekabrın 26-dan qüvvəyə mindi. Amma çoxmillətli Kanadada bir sıra xaqlar Christması deyil, məhz Yeni ili bayram kimi qeyd edirlər. Bu baxımdan bu il Yeni ilin gəlişi insanlar üçün bir az sıxıcı oldu. Çünki sərt karantin olduğundan heç kim bir-birinə qonaq gedib gələ bilməz, əks halda onları yüksək cərimələr gözləyir. Amma etiraf edim ki, bu qaydaya hamı riayət etmir. Nə də polis qanunu pozanları yaxalamaq üçün adamları güdmür. Amma kiminsə qonaq qəbul etdiyini qonşu bilib polisə xəbər versə, bu zaman cərimədən qaça bilmirsən. Qonaqlar da, ev yiyəsi də cərimə olunur.

– Koronavirusun müalicəsi necə aparılır? İnsanlar rahatlıqla xəstəxanalara yerləşdirilirlərmi?

– Testi pozitiv çıxan hər adamı hospitala almırlar. Yalnız yaşlılar, ağır xəstəlikləri olanlar və boğulmadan əziyyət çəkənlər xəstəxanaya yerləşdirilirlər. Əks halda, hospitallarda yer olmaz. Qeyd edim ki, burada özəl hospital yoxdur, hamısı dövlətindir. Bu baxımdan pulu olan belə yuxarıda sadaladığım kateqoriyalara aid deyilsə, hospitallara yerləşdirilmirlər. Pozitiv testlə hospitala üz tutan gəncləri və yanaşı xəstəliyi olmayanları həkimlər inandırırlar ki, onlar üçün koronavirus o qədər də qorxulu deyil. İnsanları başa salırlar ki, hospitala yalnız nəfəs yollarında problem yaşayan, oksigen aparatına ehtiyacı olanları qəbul edirlər. Buna görə də sözügedən virusdan əziyyət çəkənlərə məsləhət görülür ki, boğulma halları olduqda, ya özləri gəlsinlər, ya da təcili yardıma zəng etsinlər. Həkimlərin dediyinə görə, hospitalda yatmaqla evdə xəstəliyi keçirməyin heç bir fərqi yoxdur. Ağ xalatlıların sözlərinə görə, xəstəliyin müalicəsi yoxdur, hospitalda koronavirusdan əziyyət çəkənlərə heç bir dərman verilmir, yalnız nəfəsalmada problem yaşadıqlarından oksigen aparatına qoşulurlar. Hətta həkmlərin çoxu bədənin hərarətini dərmanla aşağı salmağı məsləhət görmür. Deyirlər ki, temperatur bədənə daxil olan yad cismə qarşı bədənin reaksiyasıdır və qalxdıqca immunitet artır. Buna görə də narahatçılıq törətməsə, bədənin hərarətini aşağı salan dərmanlara ehtiyac olmadığını bildirirlər.

Qızımın sinif yoldaşı ailəlikcə COVİD-19-a yoluxdular. 40 yaşlı ata yüksək təzyiqdən və astmadan, uşaqlardan da ikisi astmadan əziyyət çəkmələrinə baxmayaraq, yaşlı olmadıqlarına görə hospitala qəbul etmədilər. Ataya dedilər ki, gəncsən, heç bir şey olmayacaq, əgər boğulma olsa gələrsən. Maraqlıdır ki, astmadan əziyyət çəkən adamda boğulma olmadı. Mürəbbəli çayla xəstəliyi yola verdi.

Koronavirusu evdə keçirənlər ehtiyac olduqda dərman adına yalnız hərarəti aşağı salan həblərdən istifadə edirlər. Ondan başqa heç nə atmırlar. Burada tibb müəssisələri xaric, başqa yerlərdə sistem köçürmək, iynə vurmaq qadağan olduğundan heç kim evdə bu prosedurlardan keçə bilmir.

Qeyd edim ki, Kanadada “Qaynar xətt” fəaliyyət göstərir və koronavirusdan əziyyət çəkənlər istədikləri vaxt zəng edib, saatlarla tibb işçiləriylə danışa, məsləhətlərini ala bilirlər.

– Peyvəndlərlə bağlı nə xəbər? Kanadada nə vaxt başlanacaq peyvəndə?

– Artıq başlayıblar. Birinci tibb işçiləri və Qocalar evində olanlara vurulur. Sonra əhalinin digər qisminə növbə çatacaq. Amma insanlarda peyvəndə münasibət birmənalı deyil. Bir çoxları buna qarşı olsa da, peyvəndləməni səbrsizliklə gözləyənlər də var.

Oxşar xəbərlər