Azərbaycanda yanacaq hansı səbəbdən bahalaşdı?

“Benzinin qiymətinin artmasına səbəb kimi pandemiya dövründə iqtisadi aktivliyin həddən artıq aşağı düşməsi, iş yerlərinin bağlanması və yeni iş yerlərinin yaranması prosesinin dayanmasını göstərmək olar. Yəni iqtisadi aktivlik həddən aşağı düşdüyü üçün büdcə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində çətinliklər yaranıb. Biz bunu 2021-ci ilin büdcəsi ilə bağlı Azərbaycan Respublikasının Qanununda da gördük. Orada qeyd olunur ki, büdcə gəlirlərinin təmin edilməsi ilə bağlı 2021-ci ildə bizi çətin dövr gözləyir. Ona görə də bu cür addımların atılması müəyyən mənada başadüşüləndir”.

SOSİUM.az xəbər verir ki, bunu Tarif Şurası tərəfindən yanacaq məhsullarının qiymətlərinin artırılmasına münasibət bildirərkən iqtisadçı ekspert Qalib Toğrul deyib.

Ekspertin sözlərinə görə, burada pandemiyanın da təsirləri var: “Bizdən asılı olmayan səbəblərdir. Benzinin qiymətinin qalxması təkcə ölkədə yox, dünyada iqtisadi aktivliyin aşağı düşməsi ilə bağlıdır. Eyni zamanda, bu cür tədbirlərin həyata keçirilməsi dövründə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərə xüsusi diqqət göstərilməlidir. Bununla bağlı müəyyən kompensasiya mexanizmləri nəzərdə tutulur”.

Qalib Toğrul qeyd edib ki, ötən il bir neçə dəfə iqtisadçılar post-pandemiya dövrü ilə bağlı proqnozlar verirdilər. Ancaq pandemiya dövrü o qədər uzandı ki, post-pandemiya dövrü gəlib çıxmır:

“Biz bütün dünyada bərpa prosesinin hansı formada gedəcəyini indi görə bilmirik. Hazırda bütün dünyada qeyri-müəyyən vəziyyətdir. Hər şey pandemiya ilə bağlı vəziyyətin düzəlməsindən, vaksinlərin effektindən və bütün bunların son nəticəsi kimi ölkədəki aktivliyin əvvəlki qaydada bərpa olunmasından asılıdır”.

Oxşar xəbərlər