“Subsidiyaların məbləği təcili artırılmalıdır”

“Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsirini önləmək üçün Tarif Şurası hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinin yenidən müəyyənləşdirilməsi ilə bağlı təklifə tezliklə baxılmalıdır. Subsidiyaların artırılması ilə bağlı məsələ gecikmədən icra edilməlidir”.

SOSİUM.az xəbər verir ki, bunu İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov deyib.

O bildirib ki, benzinin qiymət artımı şəxsi həyatda o qədər də ciddi hiss olunmaya bilər:

“Benzinin əsasən şəxsi avtomobillərdə istehlakı və artımın 10 -11 % civarında olması şəxsi büdcəyə böyük təsir etməyəcək. Eyni zamanda, benzinin qiyməti digər ölkələrlə müqayisədə hələ də baha deyil. Ümumiyyətlə, benzin bütün dünyada ötən illərdə bahalaşmaya məruz qalıb. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olubsa, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib. Bu, dünyada benzinin bir il müddətində 14% bahalaşması deməkdir. Region ölkələri ilə müqayisədə yenə də Azərbaycanda benzin ucuzdur”.

QHT sədri bildirib ki, bununla belə, tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün hökumət ciddi nəzarət tədbirləri həyata keçirilməlidir:

“Müxtəlif monitorinq qrupları yaratmaqla vətəndaş cəmiyyətinin müxtəlif sektorlarını da bu prossə cəlb etmək vacibdir. Ayrı-ayrı sahələrdə süni qiymət artımı halları monitorinq edilməli və bu sahəyə nəzarət edən dövlət qurumlarına mövcud vəziyyət haqqında dəqiq məlumat verilməlidir. Belə olarsa, süni qiymət artımının qarşısını almaq olar. Bu kimi monitorinqlərlə əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə müdafiə etmək mümkündür”.

Oxşar xəbərlər