Nazirdən şəhid ailələri ilə bağlı açıqlama

“İkinci Qarabağ Müharibəsi döyüşlərində iştirak edən və ya şəhid olan vətəndaşlarımızın ailələri ilə bağlı son bir ayda görülmüş işlər yeddi min şəxsi əhatə edib. 2300 şəxsə sosial ödənişlər təyin olunub”.

SOSİUM.az xəbər verir ki, bu sözləri yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, 2000 şəhid ailəsi və müharibə iştirakçısının ailəsi özünüməşğulluq proqramlarına cəlb edilib:

“2700 nəfərə isə sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib. Əlavə olaraq mülki şəhidlərimizin sosial ödənişlərinin hamısı prioritet qaydada tam şəkildə təmin olunub, onlara sosial-psixoloji reabilitasiya xidmətləri təqdim edilib.

Bu məqsədlə xüsusi işçi qrupu yaradılıb. İşçi qrupunda bütün aidiyyəti dövlət qurumlarının üzvləri var və əlaqələndirilmiş iş nəticəsində şəhid ailələrinin, müharibədə yaralanan şəxslərin, müharibə iştirakçılarının sosial təminatı, sosial ödənişləri, məşğulluq tədbirləri sürətlə aparılır”.

“Qeyd etdiyiniz kimi, 1500 şəhid ailəsinə, müharibə əlilinə mənzillərin və evlərin verilməsinə dair cari il üçün planımız var idi. 1450 mənzil və fərdi ev artıq bu şəxslərə təqdim edilib və növbəti 10-15 gün ərzində – 15 yanvaradək 1500 evin hamısı təqdim olunacaq.

Avtomobillərin verilməsi proqramı da davam etdirilib və il ərzində 400 müharibə əlilinə və əlilliyi olan şəxslərə avtomobillər təqdim olunub.

Məruzə edim ki, məşğulluq proqramlarımız da davamlı şəkildə icra olunub və məşğulluq mərkəzləri tərəfindən 1000 nəfər vətəndaşımız işlə təmin edilib, 12 min ailə isə özünüməşğulluğa cəlb olunub.

Özünüməşğulluq proqramı İşdən Sığorta Fondu ilə yanaşı, BMT İnkişaf Proqramı, yerli banklarımız, Heydər Əliyev Fondunun dəstəyi ilə icra edilib.

2021-ci il üçün hədəfimiz, əlbəttə ki, Sizin tapşırıqlarınıza uyğun olaraq bu proqrama cəlb olunan ailələrin sayının artırılmasıdır və 16 min ailənin əhatə edilməsi planlaşdırılır.

Haqqıödənilən ictimai işlər proqramı icra olunur və yaradılmış 38 min daimi iş yerindən 98 faizi işçilərlə təchiz edilib. Pandemiyanın fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər planına əsasən yaradılmış 50 min ikiaylıq müvəqqəti iş yerləri də 75 faiz komplektləşdirilmişdir.

Dövlət şirkətlərində yaradılan 26 min ictimai iş yerinin də DOST İş Mərkəzinə ötürülməsinə dair tapşırığınız artıq icra olunur. Bu ildən ictimai iş yerləri də DOST İş Mərkəzi vasitəsilə təmin ediləcəkdir. Bütün bu proqramların şəffaflığının, ictimai açıqlığının təmin edilməsi üçün müvafiq elektron portal da yaradılıb.

Həm özünüməşğulluq proqramı, həm də ictimai iş yerləri üzrə aktiv şəxs və ya işə cəlb edilən vətəndaşlar haqqında bütün məlumatlar ictimaiyyətə onlayn qaydada açıqlanır və hər kəsin istənilən məlumatı almaq imkanları var”, – deyə nazir əlavə edib.

Oxşar xəbərlər