Millət vəkili birlik sədrini təbrik edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan Vətən Müharibəsi Veteranları“ İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevlə Mədəniyyət Komitəsində görüşüb, onu 60 illik yubileyi və tarixi zəfər münasibəti ilə təbrik edib:

“Hörmətli Füzuli müəllim, Sizi, 60 illik yubileyiniz, eləcə də, düşmən üzərində tarixi zəfərimiz münasibəti ilə Mədəniyyət Komitəsi adından, şəxsən öz adımdan təbrik edir, yeni təqvim ilində yeni uğurlar diləyir, ən xoş diləklərimi yetirirəm! Siz, minlərlə üzvü olan ictimai birliyin sədrisiz. İctimai birliyiniz və şəxsən Siz, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində uzunmüddətli səmərəli xidmət göstərmisiz.

2020-ci ildə, istər Tovuz hadisələri (12-16 iyul), istərsə, Vətən Müharibəsi (27 sentyabr-10 noyabr) vaxtı Sizin özünüzün, ictimai birliyinizin diqqətəlayiq fəaliyyətini minnətdarlıqla vurğulamaq istərdim. Siz özünüz I Qarabağ müharibəsinin qazisisiz, oğlunuz da Sizin yolunuzu davam etdirərək, hərbçi peşəsini seçib və zabit olaraq Vətən Müharibəsində iştirak edib. Sizi bir daha təbrik edir, möhkəm can sağlığı, şərəfli işinizdə uğurlar diləyirəm”! Q.Paşayeva yubilyara Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və üzərində “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib. AVMVİB sədri səmimi görüş və təbrik üçün təşəkkür edib.

Oxşar xəbərlər