Ət və ət məhsullarının qiyməti artacaq

Xəbər verildiyi kimi, yanvarın 4-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

SOSİUM.az xəbər verir ki, Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə Aİ-92 markalı avtomobil benzininin (10 faiz) və dizel yanacağının (33 faiz) pərakəndə satış qiymətinin artırılmasını təklif edib.

Nəticədə Tarif Şurası Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edib.

Hazırda bu bahalaşma bir çox sahələrdə qiymət artımının baş verməsi kimi dəyələndirilir.

Son günlər, əsasən də ət və ət məhsullarının qiymətində bahalaşma olacağı ilə bağlı iddialar səslənir.

Maraqlıdır ki, bu bahalaşmanı labüd edən fakor təkcə yanacağın bahalaşması deyil. Belə ki, ötən gün rəsmi olaraq Qida Təhlükəsizlik Agentliyi (AQTA) 3 ölkədən ət idxalına qadağa qoyulduğunu açıqladı.

AQTA-dan bildirilib ki, təşkilatın 30 dekabr 2020-ci il və 4 yanvar 2021-ci il tarixli rəsmi məlumatları nəzərə alınaraq, Bolqarıstanın Blaqoyevqrad vilayətindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, Koreya Respublikasının bütün ərazisindən və Ukraynanın Xerson vilayətindən diri quş və quş məhsullarının ölkəmizə idxalına müvəqqəti məhdudiyyətin tətbiq olunması ilə bağlı AQTA tərəfindən 5 yanvar 2021-ci il tarixində müvafiq qərar qəbul edilib.

AQTA bu qərarın verilməsini isə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Ukraynanın Xerson (Kherson) vilayətinin Kaxovka rayonu və Koreya Respublikasının Çunqçeonqnam-Do (Chungcheongnam-Do) əyaləti ərazilərində yüksək patogen “quş qripi” xəstəliyi, Bolqarıstan Respublikasının Blaqoyevqrad (Blagoevgrad) vilayətinin ərazisində blutanq xəstəliyinin qeydə alınması barədə məlumat yayması ilə əlaqələndirib.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Ukrayna, Koreya və Bolqarıstan respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bu amilin özü də ət qiymətlərində bahalaşma prosesinin baş verməsində faktora çevrilə biləcək məqamdır. Bütün bunları nəzərə alsaq, yaxın günlərdə ət bazarında da bahalaşmanın olması gözlənilir. Ümumiyyətlə, yeni il bahalaşma ilə başlayıb.

Mütəxəssislər hesab edir ki, sabitləşdirici addımlar atılmasa, inflyasiya səviyyəsi ikirəqəmli olacaq.

Məsələ ilə bağlı İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, ətin qiymətində bahalaşma digər ərzaq məhsullarına nisbətdə daha yumşaq şəkildə baş verir:

“Yəni artım daha az olur. Bu da alıcılıq qabiliyyəti ilə əlaqəlidir. Çünki ətin insanların alıcılıq qabiliyyətinin düşməsi, gəlirlərinin azalması, ətə olan təlabatda da öz əksini tapırdı. Ona görə də son illərdə ət qiymətlərində artımı az görürdük. İndi birdən-birdə ətin qiymətinə bir neçə faktor təsir etməyə başladı. Dizel yanacağının bahalaşması logistika xərcini artırdı. Ət əsasən regionlardan Bakıya gətirilir. Buna görə də yol xərclərinin artması təbii ki, məhsulun da qiymətinə təsir edəcək. Son günlər isə 3 ölkədən ət idxalına qadağa tətbiq olundu. Burada Cənubi Koreya o qədər də ciddi təsir göstərmir. Çünki Cənubi Koreya bizim ət idxal etdiyimiz ölkələr arasında demək olar ki, yoxdur. Bir müddət əvvəl balıq məhsulları idxal olunur, amma hazırda ticarət balansıda bu ölkənin adı görünmür. Belarusdan da böyük həcmdə ət idxal etmirik, müəyyən konserva məhsulları gətirilirdi. Amma Ukraynanın təsiri olacaq. Çünki Azərbaycan əsas iki ölkədən – Ukrayna və Gürcüstandan ət idxal edir. Ukraynaya qadağanın qoyulması və dizel yanacağının bahalaşması təbii ki, ət qiymətlərinə də mənfi təsir göstərəcək, bahalaşmaya səbəb olacaq”.

N.Cəfərlinin fikrincə, Novruz Bayramına yaxınlaşdıqca, ət qiymətlərində artımın daha da sürətlə getdiyinin şahidi olacağıq:

“O vaxta qədər qoyulan qadağalar götürülməsə, o zaman bahalaşmanı daha ciddi şəkildə hiss edəcəyik. Yaxın həftələrdə ət qiymətlərində yavaş-yavaş bahalaşmanın olması gözlənilir. Amma kəskin artım olacağını düşünmürəm. Bu da alıcılıq qabiliyyəti ilə bağlıdır. Ətin qiymətində kəskin bahalaşma olarsa, o zaman satışların həcmi kəskin azalacaq. Ona görə də insanların alıcılıq qabiliyyətinin aşağı olması ətin qiymətində sabitləşdirici faktora çevrilə bilər”.

Oxşar xəbərlər