Mehdiyevin “kiçiltdiyi” məmur danışdı

Akademik İsa Həbibbəyli AMEA-nın yanvarın 8-də keçirilən iclasında qəbul edilən qərarla birinci vitse-prezident vəzifəsindən azad edilməsinə münasibət bildirib.

SOSİUM.az xəbər verir ki, İ.Həbibbəyli dünya akdemiyalarının böyük əksəriyyətində birinci vitse-prezident vəzifəsi üçün bir ştat müəyyən olunduğunu bildirib.

Onun sözlərinə görə, AMEA-da da birinci vitse-prezidentin bir nəfər müəyyən edilməsi dünya akdemiyalarında olan prosesə tamamilə uyğundur:

“Birinci vitse-prezident akdemiyanın prezidentindən sonra ikinci adamdır. Əsasən təşkilati, inzibati işləri həyata keçirir, akademiyanın prezidentinin tapşırıqlarını yerinə yetirir və onun fəaliyyətini digər vitse-prezidentlərlə əlaqələndirir. Bu baxımdan bir nəfərdən ibarət birinci vitse-prezident institutunun müəyyən olunması akademiyanın prezidentləri ilə vitse-prezident insitutlarının fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi baxımından fayda verəcək”.

“Hesab edirəm ki, AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə akademik Dilqəm Tağıyevin təyin edilməsi düzgün qərardır və uyğun kadrdır. Onun həm geniş ali məktəb təcrübəsi var, həm vitse-prezident kimi çalışıb. Öz sahəsində də tanınmış alimdir. Ona görə tamamilə uyğundur. Digər tərəfdən də akademiyanın rəhbərinin ictimai elmləri, birinci vitse-prezidentin isə təbiət elmlərini təmsil etməsi, məncə, çoxşaxəli elmi fəaliyyət sahəsi olan akademiyanın idarə olunmasında əhəmiyyətli olacaq”, – o əlavə edib.

Qeyd edək ki, qəbul edilən qərara uyğun olaraq akademiyada yalnız bir birinci vitse-prezident vəzifəsi təsis olunub. Akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər. AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə isə akademik Dilqəm Tağıyev seçilib.

Oxşar xəbərlər