“Hər üç tərəf bu görüşə öz gündəliyi ilə gələcək”

Xəbər verdiyimiz kimi, bu gün Moskva şəhərində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir. Kremldən yayılan məlumatda deyilir ki, Rusiya prezidentinin təşəbbüsü ilə keçiriləcək görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunacaq.

Ermənistan tərəfi isə bəyanat yayıb ki, baş nazir Nikol Paşinyan Moskvada ərazi məsələsi ilə bağlı heç bir sənədə imza atmayacaq, yalnız kommunikasiya xətlərinin açılması müzakirə olunacaq.

Rəsmi İrəvanın fikrincə, Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi tanınmayacaq.

Üstəlik, Nikol Paşinyan  Moskva görüşündə əsirlərin və meyitlərin dəyişdirilməsini də müzakirə etmək istəyir.

Azərbaycanın gözləntisi isə əsasən Dağlıq Qarabağdakı erməni separatçılarının tam tərksilah olunması və Dağlıq Qarabağın erməni əhalisinin Azərbaycan qanunları ilə yaşaması və pasportlarımızı qəbul etməsidir.

Mövzunun aktuallığını nəzərə alaraq politoloq Fərhad Məmmədovun fikirlərini öyrəndik.

O, Bizim.Media-ya açıqlamasında digər vacib məqamlara toxundu.

Politoloqun fikrincə, hər üç tərəf bu görüşə öz gündəliyi ilə gələcək:

“Əsas məsələ ondan ibarətdir ki, imzalanmış 10 noyabr bəyanatına yenidən baxılmayacaq, əksinə olaraq o bəyanatda öz əksini tapmayan bir neşə interpretasiyaya cəhd edilən məqamlar aydınlaşdırılacaq. Bu da öz növbəsində müharibənin nəticələrinə yenidən baxılmamaq üçün hər hansı bir şəraitin formalaşdırılması mümkün deyil”.

Fərhad Məmmədov cənab Prezident İlham Əliyevin son çıxışlarındakı bəzi detalları xatırladı:

“Azərbaycanın gözləntiləri ilk mərhələdə Rusiya sülh məramlılarının məsuliyyət zonasında əhalini tərksilah etməsi və orada qalan Ermənistan hərbçilərini Azərbaycanın tanınmış beynəlxalq ərazilərindən çıxarmasıdır”.

O, ikinci gözləntinin Qarabağa gediş-gəlişin tənzimlənməsinin vacib olduğunu dedi:

”Azərbaycanın Laçın rayonunda olan yol ermənilərin təhlükəsizliyi üçün bir qarantdır və gələcəkdə sərhəd funksiyalarını hansı qurumun həyata keçirəcəyi açıq qalıb. Sülh məramlılarına bu funksiya veriləcəkmi və yaxud bunu Azərbaycan sərhədçiləri, ya da hərbçilər həyata keçirəcək”.

”Əsas məsələ budur. Rusiya Federeasiyası bu əraziləri ən yüksək səviyyədə Azərbaycan Respublikasına aid olmasını qeyd edirsə, demək bu əraziyə gediş-gəlişə də Azərbaycan nəzarət etməlidir”.

”Sərhədlərin bərpasının tam yekunlaşdırılması üçün orada sərhədçilərimiz yerləşdirilməli, xarici vətəndaşların ölkə ərazisinə gediş-gəlişinin protokol üzrə, əgər viza tələb olinursa, vizanın, icazə tələb olunursa, icazənin məhz Bakıdan alınması şərt kimi irəli sürülməlidir. Bu, Azərbaycanın gözləntiləridir”.

Politoloq Ermənistanın gözləntilərindən də söz açdı:

“Paşinyan tərəfindən bu gözləntilər Facebook sosial şəbəkəsində yazılmışdı. Bu, ilk növbədə hərbi əsirlərin tam olaraq qaytarılması və nəqliyyat dəhlizlərindən qarşılıqlı istifadədir. Azərbaycan Respublikasına Meğridən gələn avtomobil yoluna və ya qurulacaq dəmir yolundan istifadəyə Ermənistan icazə versə, onda Naxçıvan vasitəsi ilə, oradan da İrana gedən yollardan istifadəyə icazə verilməlidir. Paşinyan, çox böyük ehtimalla Moskvada bu məsələləri qaldırmaq istəyir.

Ermənilərin hərbi əsirlərin qaytarılması fikrinə Azərbaycan artıq öz cavabını verib və bildirib ki, əsir alınan son 62 döyüşçü hərbi əsir sayılmır və müharibə dövründə əsir düşməyiblər, müharibədən sonra bölgəyə gəliblər və həbs ediliblər. Rəsmi Bakı bununla Paşinyanın dediklərinə cavab verib və danışıqlarda da bu mövqe ortaya qoyulacaq”.

Fərhad Məmmədov bu görüşün çox vacib olduğunu bir daha vurğuladı:

“Bunun həm beynəlxalq səviyyədə, həm də region ölkələr üçün böyük əhəmiyyəti var. Beynəlxalq səviyyədə ondan ibarətdir ki, Rusiya tez bir zamanda yeni post konfliktə qədəm basmaq istəyir və artıq qəbul olunmuş razılaşmaların həyata keçirilməsini istəyir. Rəsmi Moskvanın həm də məqsədi ABŞ-ın bu reallıqlarla barışmasını təmin etməkdir”.

Oxşar xəbərlər