Bu hansı jurnalistikadır? – Adı nədir?

Uzun illərdir Azərbaycan jurnalistikasında belə bir əndirəbadi qayda var. Hansısa baş verən hadisə barədə bir cümlə yazmayan informasiya resursunda rəsmi qurumun açıqlaması əsas səhifədə yer alır. Saytında hadisə barədə bir cümlə yoxdursa, bu rəsmi açıqlamanı necə dərc edə bilirsən?

Bu hansı jurnalistikadır?  – Müdafiə mətbuatı və bu hal uzun illərdir ölkəmizdə fəaliyyətdədir.

Yeri gəlmişkən, rəsmi qurumların baş verənlərlə bağlı verdiyi açıqlamalar yoxlanılmalıdır, özünümüdafiə olub-olmadığı dəqiqləşdirilməlidir. Həmçinin bu rəsmi açıqlamalara qarşı tərəfin mövqeyi də öyrənilməlidir. Rəsmi açıqlama düz çıxmaya, qurumun özünümüdafiəsi də ola bilər.

Problemləri həll etmək və sayını minimuma çatdırmaq, cəmiyyətlə normal informasiya mübadiləsi qurmaq, insanlar arasında rəsmi qurumların iş, inam əmsalını qaldırmaq istəyiriksə mətbuatı müstəqil etməliyik, aynaya çevirməliyik.

Azərbaycan jurnalistikası müstəqil, özü-özünə inkişaf etmədikcə, ən əsası illərdir öz gücünə azsaylı kollektivlə ayaqda qalan, kifayət qədər oxucu kontingenti olan, müstəqil informasiya resurslarına reklam şəraiti yaradılmayınca dövlət-cəmiyyət münasibətlərinin formalaşması prosessi balanslı olmayacaq.

Statistika göstərir ki, bu gün xəbərlərin oxunma və insanların xəbərə inam əmsalı az kollektivi olan, uzun illərdi bu sahədə duruş gətirə bilən saytlaradır. İnsanlar rəsmi xəbərdən çox, problemin varlığına inanırlar. Çünki o rəsmi xəbəri yayan sayt bir gün əvvəl hadisə barədə heç bir məlumat verməmişdi, hadisəni olduğu kimi işıqlandırmamışdı. Amma bu gün rəsmi xəbəri əsas yazı kimi verir. Bu uzun illərdir yığılıb qalan inamsızlıqdır.

Kənardan bu münasibətlər normal görünə bilər, ola bilsin ki, bir müddət yüksək reytinq qala bilər. Amma kiçik tərpənişdə bu faizlərin mənfiyə doğru sürətlə hərəkət etmək şansı da çoxdur.

Uzun illər Azərbaycan jurnalistikasının imicini, onun xəbərləmə siyasətini, reytinqini, inamlı, oxunaqlı olmasını istəməyən şəxslər deyilənə görə, artıq yoxdur. Amma hələlik ciddi müsbət fərq də görünmür. Yenə reklam bazarı yox, müstəqil və balanslı xəbərləmə siyasəti yox, ən əsası, cəmiyyətlə dövlət arasında inamlı xəbərləmə siyasəti zəif. Bu gün hamı ancaq prezident İlham Əliyevə inanır. Onun dediklərinə söykənir, ondan kömək istəyir.

Diqqət edək. Mətbuat nədir? Hansı funksiyanı həyata keçirir? Dövlətlə cəmiyyət, hakimiyyətlə cəmiyyət arasdında hansı rola malikdir?

Mətbuat cəmiyyətin aynasıdır. Mətbuat müstəqildir, balanslıdır və sairə.

Elə isə ölkəmizdə mətbuat cəmiyyətin, dövlətin, yoxsa hakimiyyətin aynasıdır? Ölkə mətbuatı bu balansı qoruya bilirmi? Bilmirsə buna səbəb nədir? Ümumiyyətlə, indiki vəziyyətdə qoruya bilərmi?

Bilməz… Çünki müstəqil deyil. Mənim dövlətdən maliyyə alan qəzetlərin müstəqilliyi, onların necə fəaliyyət göstərməsi ilə işim yoxdur. Bu çeynənmiş mövzudur və onların nə deməsi uzun illərdir əhəmiyyətsizdir. Azərbaycanda qəzet bazarı demək olar ki, yox səviyyəsindədir. Uzun illərdir maliyyələşən qəzetlər hakimiyyəti də, cəmiyyəti də necə deyərlər yola verir. Maliyyələşir, oxunmur, gücsüzdür və sairə.

Eyni vəziyyəti televiziyalara da şamil etmək olar. Bu barədə də yoruculuq etmək niyyətim yoxdur.

Amma bu gün dünyanın ənsas informasiya resursu sayılan elektron media müxtəlif formalarda informasiya siyasətini həyata keçirir, sosial şəbəkələrdə daha aktiv fazaya keçir.

Etiraf edək ki, Azərbaycan kimi dünyanın internetə qoşulma reytinqində ilk sıralarda olan dövlətində informasiya paylaşmaq, dünya bazarına çıxartmaq, istinada çevirmək imkanları kifayət qədər azdır.

Dövlət uzun illərdir Azərbaycan vətəndaşının internetdən istifadəsini asanlaşdırıb. Istifadədə (internetin qiymət məsələsi tamam başqa mövzudur) heç bir problem yaratmır. Vətəndaş, dövlət qurumu, mətbuat orqanları internetdən sərbəst və istədiyi yerdə yararlana bilir.

Elə isə bizim dünya informasiya məkanına inteqrasiyamızın faiz reytinqi nədən aşağadır?

Nəyimiz çatmır? Harda səhv edirik? Bəlkə yenə bunu istəməyənlər hakimiyyətdə təmsil olunur? Axı bizim böyük işçi və maddi imkanlara malik informasiya resurslarımız var.

Birmənalı olaraq mətbuat dövlətin (hakimiyyətin yox), millətin rifahı naminə olan günlərdə birləşməlidir və sona qədəq mübarizə aparmalıdır. Bu mətbuatın forsmajor qaydasıdır. İqtidarlı, müxalifətli, müstəqilli, müstəqilsiz hər bir sistem, vətəndaş, rəsmi qurum, QHT-lər bir yerdə mübarizə aparıb dövlətin yanında olmalıdır, dəstəkləməlidir.

Daha sonra hərə öz yerinə qayıtmalıdır. Hakimiyyət öz siyasətini həyata keçirməlidir, müstəqil mətbuat öz mövqeyinə çəkilməlidir, rəsmi qurumlar öz işinə dönməlidir, müxalifət də sivil mübarizəsini həyata keçirməlidir.

Mətbuat cəmiyyətin aynasıdır…

Yəni, mətbuat cəmiyyətdə baş verənləri işıqlandırmalıdır, rəsmi qurumların mövqeyini öyrənməlidir, bundan sonra hadisənin xəbərçisi olmalıdır. Hətta bir qədər cəmiyyətə, insanlara, problemə yaxın mövqe sərgiləməlidir. Buna prosess deyilir və sistemli fəaliyyət həyata keçirilir.

Hansı ki, biz bunun İkinci Qarabağ Müharibəsində şahidi olduq. Hər kəs birləşdi, dövlətinin yanında oldu. Müharibə bitdi, siyasi mərhələ başladı. Artıq bundan sonrakı mərhələ hakimiyyətin siyasəti sayəsində həyata keçiriləcək, indiki hakimiyyət öz resursları ilə bu işin öhdəsindən gəlməyə çalışacaq. Mətbuat da dəstək verəcək, müxalifət də. Amma əsas iş, fəaliyyət hakimiyyətindir. Müxalifət və mətbuat hakmiyyətin apardığı bu prosessi yaxından izləməlidir, duzgün analiz etməlidir, dövlətə xələl vurulmayan  informasiya siyasəti yürüdülməlidir, işıqlandırılmlıdır, tövsiyyələr, təkliflər edilməlidir.

Hakimiyyətin müdafiəsi isə özü tərəfindən həyata keçirilməlidir. Anlamalıyıq ki, bu gün baş verən yaxşı və pis addımlara, qərarlara görə, hakimiyyət məsuliyyət daşıyır. Bu bütün dünyada belədir, bunu hakimiyyətdəkilər hər kəsdən yaxşı başa düşür.

Ölkədə aparılan bütün prosesslərin işıqlandırılması işi ümumilikdə mətbuatın üzərinə düşür.

Bəs mətbuat bu işi necə həyata keçirir? Ümumiyyətlə, bilirmi?

Bu sualların ayrı-ayrılıqda cavabı var. Bayaq yazdım ki, mətbuat cəmiyyətin aynasıdır, hakimiyyətin yox. Əlbətdə hakimiyyət də özünü, fəaliyyətini müdafiə etmək üçün əlində ciddi informasiya resursu saxlamalıdır ki, o bu gün Azərbaycanda mövcuddur. 10-larla qəzet, rəsmi dövlət agentlikləri var. Bu böyük resursdur və güclü hakimiyyətin güclü informasiya resursunun olmasına kimsə bir söz deyə bilməz. Bütün düynada hakimiyyətlərin ciddi müdafiə resursları mövcuddur.

Bəs cəmiyyətin, insanların müdafiəsi ilə hansı mətbuat məşğul olur? Bu gün ortada olan mətbuat bu işi görürmü? Yaxud görə bilərmi? Onlara inanacaqlarmı?

Uzun illərdir Azərbaycanda mətbuatında reklam bazarının formalaşması prosessi baş vermir. Yəni, bu gün ölkəmizdə reklamla fəaliyyət göstərən və nəticədə 20 işçi saxlayıb əmək haqqı verən, vergi ödəyən, dövlətinin səsini lazım gələrsə dünyaya çatdıra bilən heç bir informasiya resursu yoxdur.

Ola bilər ki, hansısa baş redaktor yazdığım bu fikirlərlə razılaşmasın. Amma tam əminliklə deyirəm ki, bu gün Azərbaycanda reklam gəlirləri ilə 20 işçini saxlaya bilən informasiya resursu yoxdur. Bunun əksini subut etmək istəyən şəxlər hesablarına girən rəsmi rəqəmlərlə, aylıq ofis xərclərini, əmək haqqları məbləğini uyğunlaşdırıb mənim doğru yazdığımı isbatlaya bilər.

Ölkənin oxunma reytinqində “ilk sıralar”da olan saytlar konkret maliyyələşmə nəticəsində ayaqda qalırlar. Reklam bazarı olmayan sistemdə “biz müstəqil fəaliyyət göstəririk” iddiasının ortaya atılması da gülüncdür. Buna zatən inanan olmayacaq.

Odur ki, bu növ mətbuatı istəsək də cəmiyyətin aynasına çevirə bilməyəcəyik və insanların bu resurslara inam faizi olduqca azdır. Çünki, bu saytlar insanın problemini işıqlandırmadan hansısa sosial şəbəkədə yayılan xəbərdən doğan rəsmi məlumatı öz saytında manşet xəbər edir. Bir daha “sən, o sən deyilsən” arqumentini ortaya qoymuş olur. Bu halda insanlar o informasiya resursuna necə inana bilərlər?

Əlbətdə yenə təkrar edirəm, bu növ informasiya resurslarının fəaliyyət göstərməsi, maliyyə alaraq ayaqda qalması barədə kimsə nəsə söyləyə bilməz. Tam haqqlıdırlar, amma müstəqil deyillər. Cəmiyyətin yanında olan, onların inamını qazanmış informasiya resurslarının olmaması ya da reklamsız qalaraq boğulması hakimiyyətin apardığı siyasəti, islahatları, uğurları ciddi şəkildə kölgə altına düşməsi ehtimalını çoxaldır. İllərdir hökm sürən bu problemin hələ də davam etməsi ciddi mətləblərdən xəbər verir.

Mətbuatın bir əldə cəmlənməsi, reklam bazarının yaradılmasını bilərəkdən əngəlləyən şəxslərin vəzifədən atılmasının şahidi olduq(?).  Hətta bu şəxslər barədə (adlar çəkməyə ehtiyac yoxdur. Hər kəs bunları tanıyır) cinayət işinin açıldığı deyildi və sairə.

Bu şəxslərin fəaliyyətinə son qoyuldu və 1 ildən artıqdır  ki, bu sistemə nəzarəti başqa şəxslər həyata keçirir. Hərçənd mənim üçün hələ də qaranlıq qalır ki, mətbuatı necə idarə etmək olar. Tam səmimiyyətlə deyim ki, müstəqil mətbuatın kimlərsə tərəfindən idarə olunması fikri belə mənimçün anlaşılan deyil. Müstəqil olan bir sahənin idarə olunması neçə həyata keçirilə bilər?

Hakimiyyət öz resurslarını qurubsa, müdafiə imkanları yetərli səviyyədədirsə, o zaman nədən ölkədə müstəqil, reklama söykənən, rəqabət apara bilən müstəqil mətbuat olmasın? Cəmiyyətin sözünü deyən, insanların problemlərini işıqlandıran, reklam bazarına söykənən mətbuatın olmasında pis nədir?

Əksinə, müstəqil mətbuat problemləri işıqlandırmaq imkanına malik olacaq, yazacaq, göstərəcək. Nəticədə problemləri hakimiyyət daha rahat görəcək, tez bir zamanda həll edə biləcək.

Elə isə sual oluna bilər ki, indi özünü müstəqil sayan saytlar bu işi niyə həyata keçirə bilmirlər? Ona görə ki, onlar hakimiyyətdən qidalanırlar və bu növ mətbuatın işi müdafiə etməkdir. Müstəqil görünmək üçün xırda problemləri işıqlandırmaq, dərhal da rəsmi təkziblə ört-basdır etmək. Başqa cür ola da bilməz. Məhz bu qayda uzun illərdir davam edir, mətbuat sahəsində aparılan islahatların hələlik mətbuatın müstəqil, reklam bazarına bağlı formalaşması prosessi baş vermir. Bu mətbuat gizlədəcək, yazmayacaq, müdafiə edəcək, qoruyacaq, qorxacaq, susacaq, söyəcək, təhqir edəcək və sairə. Çünki vəzifəsi müdafiə etməkdir.

Görünür hələ də reklam bazarına söykənən mətbuatın olmasını istəməyən qüvvələr var və onlar ölkədə baş verənlərin doğru-dürüst şəkildə hakimiyyətin diqqətinə çatdırılmasında maraqlı deyilllər. Belə olduğu təqdirdə hakimiyyətlə çəmiyyət arasında olan, hətta müharibə zamanı daha da möhkəmlənən düyünün bərkiməsindənsə yumşalmasına sövq etməkdir. Hər halda görünən budur.

İnsanların problemlərini işıqlandıran, vəziyyəti olduğu kimi hakimiyyətin diqqətinə çatdıran mətbuat olmadığı halda cəmiyyət-hakimiyyət birliyi günü-gündən zəifləməyə meylli olacaq. Müharibədən çıxmış cəmiyyətin idarə olunması prosessində mətbuat, informasiya, fikir bölüşmələri əsas rol oynayır. Amma təəssüflər olsun ki, bu gün əlində imkanları olan mətbuat bu işi görə bilmir. Məncə görə də bilməyəcək.

P.S

Bir neçə gün əvvəl məlumat yayıldı ki, KİVDF mətbuatla bağlı yeni qaydalar, təkliflər hazırlayır. Bu qaydaların nədən ibarət olduğunu dəqiq bilmirəm. Amma ciddi dəyişikliyin olacağına da inanmıram. Ən yaxşı halda elektron mətbuatı da qəzetlər kimi maliyyələşdirəcəklər. Belə olacaqsa problem daha ciddi müstəviyə qədəm qoyacaq. Yenə də maliyyələşənlər bu gün qidalanan saytlar olacaq, müstəqil saytların fəaliyyətinə tamamilə son qoyulacaq. Cənablar, siz bunumu istəyirsiz?

Ədil Hüseynli

Oxşar xəbərlər