Qənirə Paşayeva beynəlxalq ictimaiyyətə çağırış etdi

Bu gün qardaş Qazaxıstanın Nur-Sultan şəhərində yerləşən Beynəlxalq Türk Akademiyasında (BTA) Türk dövlətlərinin müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş konfrans başlayıb.

SOSİUM.az xəbər verir ki, konfransda türk dünyasının tanınmış türkoloq alimləri, diplomatları, aydınları iştirak edib. Konfransda “Qarabağ – Azərbaycanın cövhəri: tarixi, mədəniyyəti, təbiəti”, “Azərbaycan Xalq Cümhuriyyəti”, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın tərtibçisi, önsöz müəllifi olduğu “İtirilmiş xoşbəxtliyim. Qarabağın gerçək hekayələri” kitablarının təqdimatı olub.

Konfransa videoformatda qoşulan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın türk dünyasına verdiyi töfhələrdən danışıb, o cümlədən Azərbaycan-Qazaxıstan mədəni, elmi, ictimai-siyasi əlaqələrindən söz açıb. Ümummilli lider Heydər Əliyev və Elbaşı Nursultan Nazarbayevin tarixi xidmətlərini xatırladan Q.Paşayeva, indiki dövlət başçılarımızın dövründə görülən işləri minnətdarlıqla qeyd edib.

Q.Paşayeva həmçinin iki qardaş ölkə arasındakı əlaqələrin inkişafında, eləcə də bu konfransın təşkilində, təqdim olunan kitabların araya-ərsəyə gəlməsində xidmətlərinə görə BTA və Azərbaycanın Qazaxıstandakı səfirliyinə öz təşəkkürünü bildirib.

“Biz qabaqlar türk ölkə və topluluqlarına səfərlərimiz zamanı “Qarabağ – türk dünyasının ortaq problemidir” deyər, Azərbaycan torpaqlarının işğalının bütün türk dünyası üçün yaratdığı problemlərdən danışardıq. Bugün Azərbaycan öz torpaqlarını azad edib, tarixi zəfər qazanıb, indi “Azərbaycanın zəfəri – türk dünyasının zəfəridir” deyirik. Heç təsadüfi deyil ki tarixi Türk Yolunun bərpasına unikal imkan yaranıb və bu tarixi imkan yalnız nəqliyyat, iqtisadiyyat, ticarət yolu olmayacaq, eyni zamanda mədəniyyət, mədəni mübadilə yolu olacaq.

Fürsətdən istifadə edib, Azərbaycanın haqlı davasına mənəvi dəstək vermiş qardaş dövlətlərimizə, başda BTA olmaqla ortaq türk qurumlarımıza könül dolusu təşəkkürlərimizi yetirirəm. Azərbaycanın Müzəffər Ali Baş Komandanının Azərbaycana mənəvi, siyasi-diplomatik dəstək vermiş ölkələrə, qurumlara təşəkkür edərəkən vurğuladığı kimi, bu həm qardaşlığın, müttəfiqliyin bir daha təsbiti idi həm də Azərbaycanın məhz haqlı tərəf olmasının ifadəsi idi. Bu o zaman baş verirdi ki bir çox ölkələr, beynəlxalq qurumlar haqqa-ədalətə qarşı siyasi karlıq, korluq və lallıq nümayiş etdirirdi; ona görə də, haqlı mövqeyimizin dəstəklənməsi bizimçün qiymətlidir. Necə deyərlər, heç kim unudulmur, heç nə yaddan çıxmır.

Azərbaycan Prezidenti Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı elan edib. Bu ildən başlayaraq, Şuşada “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri” keçiriləcək. Hər iki mədəniyyət-sənət tədbiri beynəlxalq xarakter daşıyacaq və əminəm ki, qardaş ölkə və topluluqlar hər iki tədbirdə sevə-sevə iştirak edəcək.

Şuşa, ümumən Qarabağdakı tarixi-mədəniyyət abidələri ümumtürk köklərinə malik olması ilə müstəsna önəm daşıyır. Əziz qardaşımız Darxan bəyin Azərbaycan Vətən Müharibəsindən sonra respublikamıza baş tutmuş səfərində bu mövzuları geniş müzakirə etmək imkanımız oldu. Ümidvaram, BTA və digər ortaq türk qurumları ilə qarşılıqlı faydalı işbirliyi içində olacaq və Qarabağın azad edilməsinin verdiyi imkanlardan çıxış edəcək, yeni çağırışlar edəcək yaxud belə çağırışlara qoşula biləcəyik.” – Q.Paşayeva vurğulayıb.

Komitə sədri əlavə edib ki “BTA bizim ölkələrimizin, xalqlarımızın ortaq dəyərlərinin ifadəçisidir, artıq özü də bir ortaq ortaq dəyərə çevrilib. BTA ortaq tariximizin, coğrafiyamızın elmi işlərini ortaya qoyur, ortaq dərdlərimizə, uğurlarımıza tərcüman olur.
BTA ilə də işbirliyinin bir nəticəsi olaraq “Ortaq türk tarixi” dərsliyi artıq Azərbaycanın bir çox məktəblərində pilot layihə qismində tədris edilməyə başlayıb.

Ermənistan Qarabağdakı tarixi-mədəniyyət abidələrini vandalca, barbarca dağıdıb, yerlə bir edib, özününküləşdirib, təyinatını dəyişdirib. Bunlar, əlbəttə, özünün beynəlxalq hüquqi qiymətini almalıdır. Artıq Azərbaycan Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş şəhərlərdə açıq səma altında işğal muzeyləri yaradacaq.

Bu gün təqdimatı olan kitablardan birinin tərtibçisi, önsöz müəllifi olaraq, bir daha vurğulamaq istərdim ki, bizim itirdiyimiz xoşbəxtlik artıq özümüzə qayıdıb. Qarabağsız xoşbəxt azərbaycanlı yox idi”…

Təqdimatı olan hər üç əsər bizimçün çox qiymətlidir, təkrar təşəkkür edirəm.

Oxşar xəbərlər