“Virusun yeni dalğası əmələ gələ bilər”

Xəbər verdiyimiz kimi, İngiltərədə meydana çıxan koronavirusun mutasiyası dünyanın bir sıra ölkələrində geniş yayılmağa başlayıb. Azərbaycanda isə mutasiya olunmuş virusun yayılması ilə bağlı dəqiq məlumat yoxdur. Amma buna baxmayaraq, elm adamları bütün dünyada virusa qarşı mübarizədə ehtiyatı əldən verməməyə çağırır.

SOSİUM.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib ki, mutasiya olunmuş virusun geniş yayılmasının qarşısının alınması üçün strategiyaya uyğun olaraq canlı ünsiyyətlərin sayı minimuma endirilməlidir:

“Yeni mutasiyalar xəstəlik zamanı ağırlaşmalar gətirməsə də, ölkələrdə yenidən sərt karantin rejimlərinin tətbiqinə səbəb ola bilər. Bu mutasiyaların Azərbaycanda yayılması da vəziyyəti ciddi dəyişə bilər. Rəsmi açıqlamaları oxuyarkən məlum olur ki, mutasiyanın ölkədə olub-olmaması Azərbaycanda dəqiq yoxlanıla bilmir. Çox arzulayıram ki, bu çatışmazlığa baxmayaraq Azərbaycanda sözügedən yeni mutasiyalar olmasın, əks halda bunun ciddi fəsadlarını bir neçə ay sonra görə bilərik. Mənə son həftələrdə suallar verilir ki, əgər Azərbaycanda o mutasiyalar varsa və biz bundan xəbərsiziksə, bu, nələrə səbəb ola bilər?
Son tədqiqatlar göstərir ki, İngiltərədə olan mutasiyanın yoluxduruculuq sürəti minimum 35 faiz bizim bildiyimiz virusdan yüksəkdir. Buna görə də canlı ünsiyyətlərin minimuma endirilməsinə nə qədər tez başlanılsa, virusun mutasiyaya uğramış versiyası ilə bir o qədər effektli mübarizə aparmaq olar”.

N.Abdullayev qeyd edib ki, digər tərəfdən, canlı ünsiyyətlər minimuma endirilməzsə, hətta peyvəndin tətbiqinə başlanılmasına baxmayaraq o, özünə klasterlər (insan topluluğu – red.) seçərək yayılacaq və müəyyən həddə çatdıqdan sonra ümumi sistemin hiss edəcəyi şəkildə yeni dalğanın əmələ gəlməsinə səbəb olacaq:

“Ölkədə tam normal ünsiyyətlər olan bir vəziyyətdə virusun yayılması peyvəndin tətbiqindən sürətlidir, bu da növbəti dalğanın əmələ gəlməsinə səbəb ola bilər. Ona görə də ölkədə yeni virus mutasiyalarının olduğu düşünülərsə, bütövlükdə tam yumşalmalara gedilməsi peyvəndin tətbiqinə baxmayaraq çox təhlükəli strategiyadır, belə halda mütləq olaraq yumşalmalara yalnız bəzi mühüm qadağalar tətbiq olunmaqla gedilməlidir”.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusun yeni ştammı ilə bağlı dəqiq məlumatların olmadığını bildirib: “TƏBİB virusun növünü, mutasiyasını və ya yeni ştammlarının olduğunu araşdırmır”.

Oxşar xəbərlər