“Şuşanı verdilər, başına güllə vuran olmadı”

Ölkə başçısı İlham Əliyev işğaldan azad edilmiş Laçın rayonuna səfəri zamanı vaxtilə torpaqlarımızın necə işğal altına düşməsindən danışdı. Prezident qeyd etdi ki, AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmək üçün torpaqları düşmənə satdı. Dövlət başçısı onu da vurğuladı ki, Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyət idi. Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır.

SOSİUM.az xəbər verir ki, Prezidentin Laçında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deputat Naqif Həmzəyev publika.az-a açıqlamasında deyib ki, təəssüflər olsun ki, 1990-cı illərin əvvəllərində sovetlər birliyi dağıldıqdan sonra çox az sayda ölkələr öz ərazi bütövlüyünü qoruyub saxlaya bilmədi: “Onlardan biri də Azərbaycan idi. Təəssüf ki, həmin dövrdə siyasi qüvvələr arasında koordinasiya yox idi, səriştəsizlik nəticəsində biz torpaqlarımızı itirdik. Əgər həmin dövrdə ulu öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsinə nail ola bilsəydik, bunların heç birini yaşamayacaqdıq. Şükürlər olsun ki, xalqımız 1993-cü ildə ulu öndəri Bakıya dəvət etdi”.

Deputat qeyd edib ki, məhz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu proseslər dayandı: “1994-cü ilin mayında atəşkəs imzalandı. Həmin ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı və Azərbaycan nefti siyasi karta çevrildi. Daha sonra Azərbaycan toparlandı. Siyasi mövqeyini gücləndirdi. Nəhayət, bu proseslərdən 28 il keçdikdən sonra Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Bu müddət ərzində biz tarixi yol keçdik. Xalqımız da bütün bu proseslərin fərqindədir”.

Naqif Həmzəyev bildirib ki, “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən şəxslər Şuşanı verdilər, amma başlarına güllə çaxmadılar:

“Bu cür çoxlu misallar çəkə bilərik. Nə yazıq ki, biz 1990-cı illərin 20 Yanvar hadisələrini, Xocalı faciəsini və bir çox müsibətlərini yaşadıq. Təssüflər olsun ki, o zaman ərazi bütövlüyümüzü qoruya bilmədik. Bu gün xalq bilir ki, son proseslər və bu qələbə ulu öndərin siyasəti ilə, Ali Baş Komandanımız İlham Əliyevlə birbaşa bağlıdır. Ona görə də xalqın bir mövqeyi və bir seçimi var. O da cənab Prezidentimiz İlham Əliyevdir”.

Millət vəkili vurğulayıb ki, Qarabağa qayıdış proqramının uğurla həyata keçməsi üçün dövlətimizin, cənab Prezidentin ətrafında sıx birləşməliyik: “Çalışmalıyıq ki, qayıdış proqramını və qayıdış prosesini çox sürətli şəkildə həyata keçirə bilək. İstəyirik ki, qısa müddət ərzində məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıtsınlar. Azərbaycan iqtisadiyyatı gücünə güc qata bilsin”.

Oxşar xəbərlər