“Bir tərəfdə dağıdılmış Tərtər, digər tərəfdə…”

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sabiq direktoru, politoloq Fərhad Məmmədov özünün şəxsi facebook səhifəsində  Ağdam və Tərtər şəhərlərinə səfəri ilə bağlı təəssüratlarını paylaşıb.

SOSİUM.az-ın məlumatına görə, Tərtər və Ağdam şəhərlərinə səfərindən sonra qarışıq hisslər yaşadığını qeyd edən politoloq yazıb:
“Bir tərəfdən, Ermənistan Silahlı Qüvvələrinin daha çox zərər verdiyi, buna baxmayaraq, əhalisi dövlətin maddi yardımı  ilə yaşamağa və dağıdılmış evlərini bərpa etməyə davam edən Tərtər şəhəri, digər tərəfdən isə yerlə yeksan edilən Ağdam… – sakinlərini gözləyən şəhər…”
F. Məmmədov sözügedən yazıda Ağdama səfərini belə təsvir edib: 
“Bizi müşayiət edən polis əməkdaşı Ağdam yaxınlığındakı kəndin xarabalıqlarını göstərib dedi: “mənim kəndim …” Həmin polis nəfərinin hazırda 30 yaşı var, yəni 3 yaşı olanda doğma kəndindən çıxıb və 27 il məcburi köçkün həyatı yaşamalı olub…”
Tanınmış politoloq fikrini belə davam etdirib:
“Bu illər ərzində azərbaycanlılar doğma el-obalarına qayıdacaqlarına əmin idilər və qayıtdılar. Prezident İlham Əliyevin rəhbərliyi altında, Tərtərdə və erməni təcavüzündən zərər çəkən digər şəhərlərdə olduğu kimi, Ağdamda da hər şeyi bərpa edəcəyik, amma  olanları unutmayacağıq!  Unutmayacağıq ki, tarix təkrarlanmasın!”
“Fotosunu gördüyünüz Tərtərdəki dağıdılmış ev gələcək nəsillər üçün muzey kimi qorunacaq! Bu cür dağıdılmış binalar erməni təcavüzünə məruz qalan hər bir şəhərdə saxlanacaq.  Tarixin bu daş yaddaşları Vətənimizin və xalqımızın başına gətirilən müsibətləri unutmağa  imkan verməyəcək….”, – deyə Fərhad Məmmədov fikrini yekunlaşdırıb.

Oxşar xəbərlər