Komitə sədri şəhidin atasına təşəkkür etdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi Battal Bayraxtarovun atası, Quba rayonunun Ağbil kənd sakini Mikayıl Bayraxtarovla Milli Məclisdə görüşüb.

SOSİUM.az xəbər verir ki, görüşdə Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin başqanı İsmayıl Rəhimov, Birliyin Şimal bölgə başqanı Səlimcan Rizmanov iştirak edib.

Komitə sədri şəhidin döyüş yolu və ailənin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

“Əziz şəhid atası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş 18 yaşlı igid əsgərimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Şəhid oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Battal kimi igid gənclərimizlə hər zaman qürur duyacağıq!

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb.

Azərbaycan tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün təşəkkür edirik”!

Oxşar xəbərlər