“Gender bərabərliyi” hakatonu keçirilib

Azərbaycanda ilk dəfə olaraq “Gender bərabərliyi” hakatonu keçirilib.

SOSİUM.az xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq Avropa İttifaqının dəstəyi və BMT-nin Əhali Fondu (UNFPA), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 19-21 fevral tarixlərində onlayn “Gender bərabərliyi” hakatonu keçirilib.

Bakı və regionlardan ümumilikdə 16 komanda olmaqla 64 texnologiya həvəskarının iştirak etdiyi hakaton BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən icra edilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində təşkil olunub.

Onlayn formatda keçirilən açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə, münsiflər heyətinin üzvləri və hakatona qoşulan komandaların üzvləri iştirak ediblər.

İctimaiyyət nümayəndələrinə tədbiri sosial media platforması üzərindən canlı olaraq izləmək imkanı yaradılıb. Tədbirin davamında münsiflər heyəti üzvlərinin çıxışları və komandalara tövsiyələri dinlənilib, sonda iştirakçı komandaların adları açıqlanıb və hakatona start verilib.

48 saat ərzində gender bərabərsizliyinin aradan qaldırılması üçün texnoloji həll yolları üzərində intensiv şəkildə çalışan komandalar bir çox prototiplər və açıq qaynaqlı kod həllərini işləyib hazırlayıblar. Hakaton boyunca komandalar qadınlara qarşı zorakılıqla mübarizə, oğlan uşaqlarına verilən üstünlük və qız övladlarının dəyərsizləşdirilməsinin qarşısının alınması, məsuliyyətli atalığın təşviqi, karyera seçimində gender stereotiplərinin aradan qaldırılması, ev işlərində gender bərabərliyinin təmin edilməsi kimi mövzulara töhfə verə biləcək həllərin yaradılması istiqamətində yarışıblar.

Müddətin sonunda gender bərabərliyi sahəsində innovativ həllərlə bağlı ümumilikdə 16 layihə təqdim olunub və münsiflərin verdiyi ballar əsasında onlar arasından ilk üç yeri tutan komandalar müəyyən edilib. “Stockfish” komandası məişət zorakılığının qurbanı olan qadınlara sığınacaq və müvafiq resurslara çıxış imkanları yaradan mobil tətbiq prototipi ilə 1-ci yerin qalibi olub. 2-ci yerə “3x+y” komandası layiq görülüb.

Onların yaratdığı “Biz Varıq!” adlı veb səhifə məişət zorakılığı qurbanlarını, eləcə də müxtəlif növ ailədaxili problemləri olan şəxsləri peşəkar psixoloqlarla asan şəkildə əlaqələndirməyə imkan yaradır. 3-cü yerə isə “Man ws Woman” adlı gender strereotipləri barədə maarifləndirici interaktiv oyun ilə “Laws and bytes” komandası layiq görülüb.

Yarışın şərtlərinə uyğun olaraq 1-ci yerin qalibinə 5000 manat, 2-ci yerin qalibinə 3000 manat, 3-cü yerin qalibinə isə 1000 manat məbləğində mükafat verilib.

Oxşar xəbərlər