YAP-dan kimlər yola salınır… – SİYAHI

Hakim Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar qurultaya getməklə ictimaiyyətin diqqətini özünə çəkib. Qurultay sabah səhər saatlarında başlayacaq. Partiyanın mərkəzi qərargahında keçiriləcək qurultaydan YAP-da bir sıra dəyişiklik edəcəyi gözlənilir.

Dəyişikliklərin əsasən partiyanın rəhbər orqanlarında gerçəkləşəcəyi barədə məlumatlar var.

Qeyd edək ki, YAP sədri, Prezident İlham Əliyev də bundan öncələr hakim partiyada struktur islahatlarının vacibliyini vurğulamışdı.

YAP-ın icra katibi, Baş nazirin müavini Əli Əhmədovun bir müddət öncəki açıqlamasını da yaddan çıxarmayaq:

“Həbs olunan icra başçılarının hakim Yeni Azərbaycan Partiyasının üzvü ölması bizi məyus edir. YAP çalışır ki, bu cür xasiyyətləri xoş olmayan insanlardan xilas olsun”.

Bir sözlə, YAP-da gözlənilən ciddi islahatların vaxtı-vədəsi çoxdan yetişib, hətta bu, gecikib.

İslahat tərəfdarları olan YAP-çılar bildirirlər ki, bəzi yaşlı simalar, korrupsiya və rüşvətə görə həbsə düşənlər, nöqsanlara görə vəzifədən kənarlaşdırılanlar partiyanın rəhbər strukturlarından çıxarılmalıdır.

Məlumdur ki, YAP-ın rəhbər strukturları – İdarə Heyəti, Siyasi Şura, İcra katibliyi hakim partiyanın qurultaylarında formalaşdırılır. Xatırladaq ki, YAP-ın sonuncu – VI qurultayı 2018-ci il fevralın 8-də keçirilmişdi.

Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin qız nəvəsinin qalmaqallı toy mərasimini yada salın. Həmin vaxtlar hakim partiya demək olar ki, çalxalanırdı… İş o yerə çatdı ki, partiyanın Milli Məclisdəki deputatı Siyavuş Novruzov həmin toyda iştirak etdiyinə görə YAP-ın icra katibinin müavini vəzifəsindən istefa verməyə məcbur oldu. Amma o, hələ də İdarə Heyətində qalır.

Elə həmin toy mərasimində YAP-ın rəhbər strukturunda təmsil olunan BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun, eks-Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun cərimələnməsi də yəqin ki, partiyada unudulmayıb.  


Maraqlıdır ki, Modern.az-ın əməkdaşı YAP-ın İdarə Heyətində təmsil olunan bəzi şəxslərlə əlaqə saxlasa da, onlar sabahkı qurultayın çağırılma səbəbi, gündəliyi barədə məlumatsız (?) olduqlarını deyiblər… Halbuki, İdarə Heyətinin üzvü qurultay barədə məlumatlı olmalıyudı. Ya onların da “qələmi qırılıb” ya da bilərəkdən – bəlkə də ehtiyatlanaraq – danışmaq istəmirlər…

YAP Səbail rayon təşkilatının sədri, sabiq deputat Şəmsəddin Hacıyev isə sabahkı qurultaydan sonra partiyada struktur dəyişikliklərinin ola biləcəyini istisna etməyib.

“Yeni tələblər mövcuddur. Dünya dəyişir. Ölkəmizdə cənab Prezidentin başçılığı ilə islahatlar həyata keçirilir. Yeni Azərbaycan Partiyasında da islahatların aparılması nörmaldır”.

Yeri gəlmişkən, növbədənkənar qurultayı labüd edən digər səbəbləri də unutmaq olmaz: partiyanın üzvü olan bəzi icra başçıları, onların müavinləri olan YAP-ın rayon təşkilatının sədrləri, digər vəzifəli şəxslər həbs ediliblər, barələrində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və digər maddələrlə cinayət işi açılıb.

“Hamısı partiyadan çıxarılacaq!” – Partiyanın mətbuat katibi Hüseyn Paşayev bu yaxınlarda Modern.az-a həmin şəxslər, o cümlədən korrupsiya ittihamı ilə həbs olunan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barədə danışarkən belə demişdi,

Qeyd edək ki, YAP-ın Siyasi Şurası 84 nəfərdən ibarətdir. Siyasi Şura üzvlərinin 20-si həm də İdarə Heyətinin üzvləridir.

Bəs növbədənkənar qurultaya gedən YAP-da kimlər rəhbər strukturlardan çıxdaş edilə bilər?

YAP İdarə Heyəti və Siyasi Şura üzvlərinin siyahısını təqdim edirik. Siyahılara nəzər yetirməklə bu şəxslərdən kimlərin partiyanın rəhbər strukturlarından kənarlaşdırla biləcəyini təxmin etmək olar.

İdarə Heyəti:

İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri

Hacıbala Abutalıbov – müvəqqəti işləmir

Əli Əhmədov – Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi

Vaqif Əliyev – Mədəniyyət və Turizm nazirinin I müavini

Mehriban Əliyeva – Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini

Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri

Akif Əlizadə -Yeni Azərbaycan Partiyasının Sədr müavini

Əli Həsənov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor

Əli Həsənov – Yeni Azərbaycan Partiyasının Sədr müavini

Yusif Hümbətov – «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri

Nizami Xudiyev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri

Eldar İbrahimov – Milli Məclisin deputatı

Kərim Kərimov – Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı

Mübariz Qurbanlı – Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini

Abel Məhərrəmov – akademik

Bahar Muradova – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Siyavuş Novruzov – Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İcra katibinin müavini

Arif Rəhimzadə – İşləmir

Vasif Talıbov – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri

Mixail Zabelin – Milli Məclisin deputatı.

// modern.az

Oxşar xəbərlər