“Əminik ki, yaxın zamanlarda bəraət də olacaq”

Dünən İstanbul Ədalət Sarayında azərbaycanlı iş adamı Mübariz Mənsimovun 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında azadlığa buraxılması demək olar ki, böyükdən-kiçiyə hər kəsi sevindirdi. Xeyriyyəçi iş adamının azadlığa çıxmasına ən çox sevinənlərdən biri də Azərbaycanın milli qəhrəmanı, şəhid general Polad Həşimovun ailəsi oldu.

SOSİUM.az xəbər verir ki, konkret.az hər zaman Mübariz Mənsimovu dəstəkləyən ailənin ağbirçəyi, şəhid generalın anası Səmayə Həşimova ilə əlaqə saxlayaraq onun təəsüratlarını öyrənib.

Səmayə Həşimova bildirib ki, öncəliklə Mübariz Mənsimovu Azərbaycanda və Türkiyədə “Palmali” şirkətlər qrupunun rəhbəri kimi tanıyıblar:

“Bundan əlavə iş adamının xeyirxah addımlarından, hər zaman xaricdə təhsil alan tələbələrə, imkansız ailələrə etdiyi yardımlardan onun necə bir insan olduğunu görürdük. Ona rəğbətimiz daha da artırdı. Amma ötən ilin mart ayında Mübariz Mənsimovun FETO ilə bağlantı iddiası ilə həbs olunması bizi çox kədərləndirdi və heç kim buna inanmadı. O vaxtdan indiyədək ancaq onun azadlığa çıxması üçün dualar etmişik”.

Səmayə Həşimova əlavə edib ki, Mübariz Mənsimov xalqımızın mərd oğullarından biridir:

“Bu xalq üçün faydalı və yararlı işlər görən biri kimi, onun azadlıqda olmağını arzu edirdik. Heç bir zaman da FETO ilə bağlantısının olduğuna inanmırdıq. Çünki Mübariz Mənsimov öz davranış və hərəkətləri, canı-qanı ilə millətinə, dövlətinə sadiq, vətənpərvər insan olub. Türkiyədəki sonuncu məhkəməsində o şərti olaraq azadlığa buraxıldı. Bu ədalətin böyük bir hissəsinin bərpa olunmasıdır, amma bəraəti olmayıb. Əminik ki, yaxın zamanlarda bəraət də olacaq. Çünki həm Türkiyə, həm də Azərbaycan xalqı onun bu işlə heç bir əlaqəsinin olmadığına inanır. Ailə olaraq bu hadisələrdən öncə də, indi də Mübariz Mənsimovu dəstəkləmişik, bundan sonra da dəstəkləməyə davam edəcəyik”.

Oxşar xəbərlər