Narkotik vasitələr satan şəxs həbs olunub

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

SOSİUM.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəlcə rayonun Əmircan kənd sakini, əvvəllər də məhkum olunmuş Novruz Nəbiyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı sellofan torbada 163 qramdan artıq qurudulmuş marixuana aşkar edilib.

Araşdırma zamanı N.Nəbiyevin narkotik vasitəni cəzaçəkmə müəssisəsində tanış olduğu rayonun Əlibəyli kənd sakini, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Martiko Aslamazaşvilidən aldığı müəyyən olunub. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı ünvana da baxış keçirilib və oradan 10 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. M.Aslamazaşvili isə tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Oxşar xəbərlər