İlham Əliyevdən “DAVAM”çı gənclərə etimad

Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin təqdimatı ilə “DAVAM” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, hərəkatın funksionerləri Sabir Rüstəmli və Niyaz Əliyev Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin İdarə Heyətinin üzvü təyin ediliblər.

Bununla bağlı SOSİUM.az-a danışan “DAVAM” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı bildirib ki, son qurultaydan sonra partiyanın fəaliyyətində müəyyən dəyişikliklər həyata keçirilib:

“Bundan sonra Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin İdarə Heyətinin üzvləri partiya sədrinin təqdimatı ilə İdarə Heyəti tərəfindən təsdiq ediləcək. Artıq Möhtərəm Cənab Prezident, partiyamızın sədri həm mənim, həm də hərəkatımızın rəhbərliyində təmsil olunan – Sabir Rüstəmli və Niyaz Əliyevin təyinatını verib və dünən partiya İdarə Heyətinin iclasında təyinat rəsmən təsdiqlənib. Ümumilikdə partiyanın Gənclər Birliyinin İdarə Heyətinin üzvlərinin sayı 30 nəfər hədində müəyyən edilib”.

Nihad Allahyarlı qeyd edib ki, böyük tarixi ZƏFƏRİN müəllifi, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında partiyanın fəaliyyətində bundan sonra da yaxından iştirak edəcəklər:

“Bu bizim üçün çox böyük etimaddır. Cənab Prezidentə həm öz adımdan, həm də bütün “DAVAM”çılar adından bu yüksək etimada görə dərin təşəkkürümü bildirirəm. İlham Əliyev kimi işıqlı bir liderin rəhbəri olduğu partiyada fəaliyyət göstərmək bizim üçün fəxrdir və bizə göstərilən etimadı layiqincə doğrultmağa çalışacağıq”.

Oxşar xəbərlər