“Terrorçu heç bir halda himayə olunmamalıdır”

Los Anceles Ali Məhkəməsi Türkiyənin Baş konsulu Kemal Arıkanı qətlə yetirən erməni terrorçu Hampiq Sasunyanı azad edib. Türkiyənin Xarici İşlər Nazirliyi bu addımı qınayıb. Qeyd olunub ki, Kaliforniya qubernatoru Qavin Nyusomun bu qərardan apellyasiya şikayəti verməməsi hüquq çərçivəsindən kənar hərəkət kimi qiymətləndirilir.

SOSİUM.az xənər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib ki, terrorçunun azadlığa buraxılması onu azadlığa buraxan orqanın, həmin dövlətin öz qanunlarına və insanlığa hörmətsizliyidir.

Deputatın sözlərinə görə, dünya erməni terrorçuları bu humanizmdən bəhrələnəcək və ümidlənəcəklər ki, artıq hər şey edə bilərlər, onsuz da gec, ya tez azadlığa buraxılırlar:

“Terrorçu məhv olmalıdır, müxtəlif dəhşətli fəlakətlər törədib insanların həyatına qəsd etdiyi kimi özü də eynisini yaşamalıdır. Ömürlük həbs edilməlidir. Bildiyimiz kimi, xeyli sayda türk iş adamları dünyanın müxtəlif ölkələrində ermənilər tərəfindən qətlə yetiriliblər. Həmin insanlar əsasən demokratiya, insan hüquqları və qayda-qanundan bəhs edən dövlətlərin ərazilərində öldürülüblər. Bəs həmin dövlətlər nə etdilər? Həmin terrorçuları gizlədəni də oldu, qaçırdanı da, qısa müddətdə həbs edib sonra azadlığa buraxanı da… Təbii ki, bu dünya ictimaiyyətinin, xüsusilə Türkiyə və Azərbaycanın narazılığına səbəb olur. Terroçu əsla himayə olunmamalıdır. Deməli bir nəfər qisasçılıq məqsədilə terror törədir, nəticədə isə azadlığa buraxılır. Bu, birmənalı olaraq pislənməlidir və terrorçunun layiqli cəzasını alması üçün bütün cəhdlər göstərilməlidir”.

Elman Məmmədov qeyd edib ki, son 30 il ərzində Azərbaycan vətəndaşlarına, dövlətçiliyinə qarşı Azərbaycan ərazisində terror törədən ermənilər bu gün azadlıqda gəzirlər, üstəlik vəzifədədirlər:

“Çox təəssüf ki, Rusiya dövlətinin bizim ərazimizdə sülhməramlı missiyasını yerinə yetirən müəyyən qruplaşmaları da onlarla əməkdaşlıq edirlər. Terrorçu ilə əməkdaşlıq etmək onunla həmrəy olmaq deməkdir. Terroçunun azadlığa buraxılması və hazırda cəza almayan Serj Sərkisyan, Robert Koçaryan, Araik Arutyunyan kimi erməni terrorçularının azadlıqda əlini-qolunu sallaya-sallaya gəzməsi gələcəkdə onların törədə biləcəyi çox dəhşətli fəlakətlərdən xəbər verir. Hesab edirəm ki, belə həssas məsələlərdə güzəşt olmamalıdır və hər kəs törətdiyi əməlin cəzasını çəkməlidir”.

Oxşar xəbərlər