Komitə sədri Qarabağ qazisi ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsində xəsarət almış qazi, Tovuz rayon sakini Aslan Tağıyevlə görüşüb,onun qayğıları ilə maraqlanıb.

SOSİUM.az xəbər verir ki, qazini düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edən Komitə sədri deyib:

“Sizi işğalçı düşmən üzərində tarixi qələbə münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, uğurlar diləyirəm! Qazilərimiz işğalçı düşmən üzərində qələbənin sevinc və qürurunu, təbrikini ən çox haqq edən vətəndaşlarımızdır.

Biz bilirik ki sizin iki övladınız var, onlar qazi övladı olmaqları ilə həmişə fəxr edəcək. Onu da bilirik ki siz Vətən Müharibəsində iştirak edərkən xəsarət almısız. İnanırıq ki həkimlərimiz sizin sağlamlığınız üçün əllərindən gələni edib, bundan sonra da edəcəklər.

Ulu Tanrıya çox şükürlər olsun, şəhid silahdaşlarınızın qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, ən xoş diləklərimizi yetirir, yeni uğurlar arzulayıram”!

Q.Paşayeva qaziyə Mədəniyyət Komitəsi adından Təbrik və Təşəkkür Məktubu, eləcə də, Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Qazi Komitə sədri ilə öz cəbhə xatirələrini bölüşüb və səmimi görüş üçün təşəkkür edib.

Oxşar xəbərlər