“Gənclər də bizə vaksin üçün müraciət edirlər”

Hər gün bizim poliklinikada 80-100 nəfər vaksinasiya olunur. Artıq peyvənd edilən şəxslərin ümumi sayı 2 minə çatır.

SOSİUM.az xəbər verir ki, bunu 2 saylı şəhər poliklinikasının şöbə müdiri Solmaz Tağıyeva deyib. O bildirib ki, 65 yaşdan yuxarı şəxslər artıq revaksinasiyaya gəlirlər.

“65 yaşdan yuxarı şəxslərə verilən pasportalara əsasən, onlar qeyd olunan günlərində gəlib II doz peyvəndi vurdururlar. 50 yaşdan yuxarı şəxslərin də vaksinasiyası davam edir. Hər kəs vaksinasiya prosesində iştirak etməyə maraqlıdır. Televiziyada, mediada aparılan təbliğat burada rol oynayır. Qeydiyyatı olan və olmayanlar da gəlir. Biz onları qeydiyyata alırıq, həkim müayinəsindən keçir və peyvənd olunur. Hətta gənclər arasında da istək var, lakin onlara hələ peyvənd vurulmur. Bu proses mərhələli şəkildə gedir”.

S.Tağıyeva bayram günlərində vaksinasiyanın davam edəcəyini qeyd edib: “Bayram günlərində növbətçi həkimlərimiz işdə olacaq. Hər gün saat 09:00-dan 14:00-dək vaksinasiya aparılacaq”.

Son vaxtlar yoluxmaların artdığını deyən şöbə müdiri bunu qaydalara əməl olunmaması, insanların maskadan düzgün istifadə etməməsi ilə əlaqələndirib.

“Restoranlar, kafelər açılıb. Ad günləri, şənliklər keçirirlər. Vətəndaşlar yumşalamalardan sonra qaydalara düzgün riayət etmir, maskanı düzgün taxmırlar. Bir maskanı bir ay istifadə edirlər. Bu yalnışdır. Vaksinasiya olunan kimi xəstəlik olmayacaq deyə fikirləşmək düzgün deyil. Həmişə təbliğat aparmışıq ki, vaksinasiya olunmağınıza baxmayaraq, maska taxmalı və sosial məsafə gözlənilməlidir. Xəstəlik tamamilə sıradan çıxana qədər maska ilə ara məsafə mütləq olmalıdır. Dünyada koronavirusun üçüncü dalğası başlayıb. Biz özümüzü və yaxınlarımızı qorumaq üçün qaydalara riayət etməliyik”.

Oxşar xəbərlər