Dövlət Komitəsi rəsmisi BMT-nin tədbirində

BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 65-ci sessiyasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirak edib. İclas virtual formada təşkil olunub və tədbirin prioritet mövzusunu “Qadınların ictimai həyatda tam və səmərəli iştirakı, həmçinin qərar qəbul etməsi, o cümlədən, qadın və qızların səlahiyyətləndirilməsi üçün zorakılığın aradan qaldırılması”dır.

Sessiya çərçivəsində 15-19 mart tarixlərində Sədaqət Qəhrəmanova 4 dəyirmi masa və yüksək səviyyəli rəsmilərin iştirakı üçün təşkil olunan interaktiv dialoqda iştirak edib. S. Qəhrəmanova “Qadınlara qarşı zorakılığın aradan qaldırılması” və “Qadınların Covid-19 pandemiyası ilə mübarizədə və post pandemiya müddətində qadınların iştirakı” mövzularında çıxış edib. O, çıxışında 44 gün davam edən Vətən müharibəsi zamanı işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, daha dəqiq desək 1949-cu il Cenevrə Konvensiyaları və Əlavə Protokollarını kobud surətdə pozaraq Azərbaycanın mülki əhalisini və mülki obyektləri atəşə tutaraq, müxtəlif cinayətlər törətdiyi barədə tədbir iştirakçılarına məlumat verib.

Daha sonra sədr müavini S. Qəhrəmanova koronavirusla mübarizə kampaniyası çərçivəsində 600 min işsiz, aztəminatlı və qeyri-rəsmi işləyən şəxsə (45%-ni qadınlar təşkil edir) dövlət tərəfindən maddi yardım göstərildiyini qeyd edib. S.Qəhrəmanova bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  tərəfindən ötən dövr ərzində ailələrə ərzaq yardımı, psixoloji yardım təşkil edilib, tibbi maskalar paylanıb. Vurğulanıb ki, qeyd olunan fəaliyyətlərin həyata keçirilməsində Qadın Resurs Mərkəzləri və Uşaq və Ailəyə Dəstək Mərkəzləri yaxından iştirak edib. Həmçinin Mərkəzlər tərəfindən əhali arasında “Onlayn psixoloq məsləhətləşməsi”, “Özünü Covid-19-dan qorumaq”, “Ailələrə zəng etmək”, “Ailə könüllüləri” və s. mözvular üzrə məlumatlandırıcı onlayn təlimlər keçirilib.

Sədr müavini qeyd edib ki, məişət zorakılığı qurbanlarının qorunması üçün effektiv bir sistemin yaradılmasını təmin edən və bir sıra tədbirlərin həyata keçirilməsini əhatə edən “2020-2023-cü illər üzrə Məişət Zorakılığına Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”nı qəbul edilib. Eyni zamanda, Respublikada, pandemiya dövründə vəziyyətin gender araşdırması aparılmış və “Azərbaycan Respublikasında qadın məşğulluğunun təminatı ilə bağlı 2021-2023-cü illər üçün Milli Fəaliyyət Planı” hazırlanıb.

Daha sonra sessiyada iştirak edən hər bir ölkə ilə təcrübə mübadiləsi aparılıb. Tədbir müzakirələrlə davam edib.

Oxşar xəbərlər