“Bu səfərin çox böyük rəmzi mənası var”

Hər il ənənəvi olaraq Novruz Bayramı münasibətilə Prezident İlham Əliyev xalqa müraciət edir. Lakin bu il təbrik müraciəti tam fərqli idi. Bu il Novruz Bayramının mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə qeyd olunması Azərbaycan xalqının ən böyük arzusuna çatması baxımından rəmzi və tarixi əhəmiyyət daşıyır. Bütün prezidentlik dövrünü məhz torpaqlarımızın erməni işğalından azad olunmasına və ərazi bütövlüyümüzün bərpa olunmasına həsr edən ölkə başçısı bu tarixi missiyanı uğurla yerinə yetirdi. Lakin bunun üçün inkişaf etmək, iqtisadi, hərbi, siyasi, hüquqi cəhətdən güclənmək lazım idi. 2003-cü ildən başalanan bu proses nəhayət öz möhtəşəm nəticəsini verdi. Artıq bu gün Novruz bayramını qədim şəhərimiz Şuşada, Qarabağda, ərazi bütövlüyü bərpa olunan Azərbaycanda qeyd edirik.

SOSİUM.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, ölkə başçısı bayram müraciətində bir çox mühüm məsələlərə toxunub:

“İlk növbədə erməni vandallarının Qarabağı, Şuşanı necə talan etdiklərini, xalqımızın tarixi, mədəni irsini necə dağıtdıqlarını, eyni zamanda evlərə, abidələrə, qəbirlərə, məscidlərə, meşələrə qarşı necə terror aktı törətdiklərini görürük. Lakin onlar nə qədər dağıtsalar da, talan etsələr də bu ərazilərdə Azərbaycan ruhunu məhv edə bilməyiblər.

Prezident İlham Əliyevin dediyi kimi, “Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq. Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi”.

Prezidentin Bayram müraciətində qarşıda duran hədəfləri və vəzifələri də göstərdi. Onlardan biri də Azərbaycanın, Qarabağın, Şuşanın həqiqi tarixinin təbliğ olunması məsələsidir. Bu gün bizim hər birimiz, xüsusilə tarixçilərimizin, etnoqrafçıların üzərinə böyük iş düşür. Təbliğat məsələlərində daha da aktiv olmalıyıq. Bunun üçün ixtiyarımızda tarixi faktlar var. Cənab Prezidentin bildirdiyi kimi, “erməni təbliğatı, saxta alimlər, fırıldaqçı siyasətçilər, beynəlxalq dairələr nə qədər desələr də xeyri yoxdur, tarix var.” Tarix isə deyir ki, Qarabağ, Şuşa həmişə Azərbaycanın olub və olacaq.

Digər bir məqam əsl reallığın nədən ibarət olmasıdır. Əfsuslar olsun ki, bu gün ermənilərin havadarları, ermənipərəst qüvvələr hətta real hadisəni belə saxtalaşdırır. Bu həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə çox mühüm ismarışdır. Ermənilər tarixi saxtalaşdırdıqları kimi reallığı da öz mənafelərinə uyğun təhrif etməyə, dəyişməyə çalışırlar. Erməni şəbəkələri dünyanın müxtəlif paytaxtlarında fəaliyyət göstərirlər.

Bu gün fərqli bir reallıq var. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Qarabağ erməni faşizmindən azad olunub. Artıq bu əraziləridə quruculuq işləri gedir. Tezliklə vətəndaşlarımız öz doğma ata-baba yurdlarına qayıdacaq”.

Hicran Hüseynovaya görə, ölkə həyatının bütün sahələrində inkişaf o zaman daha böyük töfhə verir ki, onun insan resursu, potensionalı olur:

“Bu illər ərzində cənab Prezident hər bir çıxışında gənc nəslin düzgün yetişməsi, vətənpərvər olması, milli ruhda böyüməsi məsələlərinə toxunub, gəncləri hər zaman qələbəyə ruhlandırıb.

Gənc nəsil 44 günlük Vətən Müharibəsində biliyini, təcrübəsini, canını-qanını əsirgəmədi. Ölkə başçısının bildirdiyi kimi, “elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı”. Milli həmrəylik, milli birlik göstərən xalqımız, bir nəfər kimi Prezident, Ali Baş Komandanın ətrafında birləşərək möhtəşəm Qələbə qazandı”.

Millət vəkili Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyevanın Şuşada, Cıdır düzündə bayram tonqalı alovlandırmasının xalqımıza sevinc və qürur hissləri yaşatdığını söyləyib: “Bu, Azərbaycanın haqlı mübarizəsinin və tarixi ədalətin bərpasının bütün dünyaya nümayişi idi. 30 ilə yaxın idi ki, hər Novruz bayramında arzu edirdik ki, gələn il bayramı işğaldan azad edilmiş torpaqlarımızda, Qarabağda qeyd edək! Nəhayət, bu il arzularımız həqiqət oldu”.

Oxşar xəbərlər