Alimimiz beynəlxalq mükafata layiq görüldü

Azərbaycan Tibb Universitetinin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev iki beynəlxalq mükafata layiq görülüb.

Azərbaycanlı professor dünya elm və təhsil sahəsində xidmətlərinə görə BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin “Avropa Ordeni” ilə təltif edilib.

Qeyd edək ki, İctimai Mükafatlar Şurası (UNCOPA) İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən və dünya miqyaslı alimləri müxtəlif nailiyyətlərinə görə dəyərləndirən qurumdur.

Professor Sabir Əliyev bu günlərdə həm də Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib. ATU-nun prorektoru S.Əliyevə artıq təşkilatın diplomu da təqdim olunub. Diplom Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Uolter Kofler və qurumun Azərbaycan bölməsinin rəhbəri Elçin Xəlilov tərəfindən imzalanıb.

Qeyd edək ki, Beynəlxalq Elmlər Akademiyası 1984-cü ildə iki dəfə Nobel mükafatı laureatı Linus Pauling təşəbbüsü ilə yaradılıb və onun təsisçiləri dünya miqyasında görkəmli siyasi və ictimai xadimlər olan 119 Nobel mükafatı laureatıdır. BEA Azərbaycan Bölməsi Azərbaycan xalqının Ümummilli lideri, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəstəyi ilə yaradılmışdır.

Oxşar xəbərlər