“Prezidentin yanında müvafiq Şura yaradılsın!”

Azərbaycan qonaqpərvərliyi, insanlarının səmimiliyi və təbiətinin gözəlliyi ilə turizm üçün əlverişli məkan sayılır. Təəssüf ki, bundan sui- istifadə edən turistlər, eləcə də ölkə daxilində buna şərait yaradanlar tapılır. Turizmin inkişafı üçün onun düzgün təşkili çox vacibdir. Ərəb turistlərin bu dəfə Acınohur düzündə qanunsuz ov etməsi ilə bağlı yaranmış ajiotaj bunu bir daha təsdiq edir.

Qax Dövlət Təbiət Yasaqlığı 16 iyun 2003-cü il tarixində yaradılıb. Yasaqlığın yaradılmasının başlıca məqsədi İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd yay otlaqlarında və Acınohur düzündə faunanın qorunması və nəsli kəsilməkdə olan heyvan növlərinin bərpa edilməsidir. Ərazisi 36 836 hektardır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyindən (ETSN) verilən açıqlamaya görə, Acınohur ərazisində 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib. Həmin vətəndaş müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər.

Həmçinin, Nazirlikdən bildirildi ki, ərəb turistləri heyvanlarla rəhmsiz rəftara görə cərimə edilib və iki ərəb turist ovçuluq haqqında qanunvericiliyin pozulmasına görə təqribən 4000 manat civarında cərimələnib. Ərazidə müxtəlif yerlərdə postlar qurulub, əcnəbi turistlərin qurduğu çadırlar sökülüb. Ərəb turistlərin növbəti qanunsuz ov “macərası” qanunvericiliklə həllini tapmasına sevinsək də bunun axarıncı yox axırıncı olmasını istərdik.

SOSİUM.az xəbər verir ki, bunu “Ərəblərin Azərbaycana daxil olmasına kimsə sərəncam verib”. Bunu Eurasia Diary-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyində Vətəndaş Cəmiyyətinin üzvü, alim-ekoloq Telman Zeynalov deyib.

“Pandemiya dövründə Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan ərazisinə daxil olan bütün sərhəd yolları bağlıdır. Ərəblərin Azərbaycana daxil olmasını kimsə sərəncam verib. Bu problemi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi araşdırıb, öz qərarlarını verəcəklər. Problem araşdırılacaq və lazimi tədbirlər görüləcək və mövcud qanunlar pozulduğuna görə bəzi vəzifəli şəxslər cəzalandırılacaqlar. Turistlərin Azərbaycana gəlməsi, bu, dövlət qanununun kobud şəkildə pozulması deməkdir, buna görə də bəzi şəxslər dövlət başçısı tərəfindən cəzalandırılacaq ki, digərlərinə örnək dərsi olsun” – deyə, alim qeyd edib.

Ekspert bildirib ki, Azərbaycanda mövcud olan bütün yasaqlıqlara, qoruqlara, milli parklara qanunla daxil olunması ETSN-nin sərəncamındadır: “Həmin ərazilər nazirlik tərəfindən qorunur, onlar da məsuliyyət daşıyırlar. Mənə elə gəlir ki, cənab nazir tez bir zamanda bunu araşdıracaq və qanunu pozan şəxslər mütləq cəzalandırılacaq. Həmin ərazilərdə postların gücləndirilməsi mövcud qanuna uyğundur. Ən əsas məsələ ondadır ki, pandemiya dövründə ərəblərin Azərbaycana gəlməsinə kim icazə verib. Bu insanlar cəzalandırılacaqlar.

Bu cür pozuntular demək olar ki, tez-tez baş verir. Bunu yalnız mətbuatda işıqlandırmaqla kifayətlənmək olmaz. Ölkədə gedən bütün proseslərdən xəbər tutulması, nəzarət edilməsi üçün mütləq Prezident yanında Vətəndaş Cəmiyyəti Şurası yaradılmalıdır. Bu zaman daha çevik şəkildə lazimi tədbirlər görüləcək və müvafiq sərəncamlar veriləcək”.

Oxşar xəbərlər