“Davam”dan “Novruz Xonçası” kampaniyası

“Davam” Gənclər Hərəkatı tərəfindən başladılan “Novruz Xonçası” adlı kampaniya çərçivəsində davamçı gənclər bayram tətili günlərində Novruz sovqatı ilə dolu xonçalar hazırlayaraq Vətənimiz uğrunda qəhrəmancasına vuruşan və öz sağlamlıqlarını qurban verən qazilərimizi ziyarət ediblər.

Davamçılar qəhrəman qazilərimiz olan İsa Mustafayev, Nicat Hüseynov, Mobil Əhmədzadə, Ruslan Əliyev, Pərvin Allahquliyev, İsmayıl Hüseynov, Murad Hüseynov, Asif Talıblı ilə görüşüb, bayramlaşıblar. Görüşlər zamanı davamçı gənclər onların səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb, öz suallarını ünvanlayıblar. Səmimi söhbət əsnasında qazilərimiz öz döyüş xatirələrini gənclərlə bölüşüblər.

“Davam” Gənclər Hərəkatının başlatdığı “Novruz Xonçası” adlı çağırışda digər gənclər təşkilatları da iştirak edib. Çağırışa qoşulan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı və “Böyük Qayıdış” Gənclər Təşkilatının nümayəndələri də Novruz xonçaları hazırlayaraq qazilərimizin görüşünə yollanıblar. “Davam” Gənclər Hərəkatı çağırışa göstərdiyi diqqət üçün hər bir gənclər təşkilatına təşəkkür edir.

Kampaniya çərçivəsində görüşlərin keçirilməsində məqsəd Vətənimiz uğrunda ölümü gözə alan igidlərimizi bayram günlərində də diqqətdən kənarda qoymamaqdır. Unutmamalıyıq ki, onlar Vətən torpaqlarının işğaldan azad olunması uğrunda böyük şücaət göstərərək Azərbaycan xalqına tarixi qələbəni bəxş edən qəhrəmanlardır.

Qeyd edək ki, “Novruz Xonçası” kampaniyasına göstərdiyi dəstək üçün “Xurcun” butiklər şəbəkəsi və “Ulduz” şokolad fabrikinə təşəkkür edirik.

Oxşar xəbərlər