Ailə Komitəsi yazı müsabiqəsi keçirir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2009-cu ildən etibarən hər il aprel-may aylarında Ümummili Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” və “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” adlı yazı müsabiqəsi həyata keçirib.

SOSİUM.az xəbər verir ki, 2019-cu ildə müsabiqə Quba-Xaçmaz iqtisadi rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin (Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayonları) 9-11-ci sinif şagirdləri arasında keçirilib. Müsabiqənin yekunlarına həsr olunmuş tədbir Xaçmaz rayonunda təşkil olunub.

2020-ci ildə bütün dünyada yayılan koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq müsabiqənin mövzusunda və strukturunda dəyişiklik edilib. Pandemiya ilə mübarizə tədbirlərində həkimlərin, tibb işçilərinin, polis və fövqəladə hallar orqanları işçilərinin əhalinin təhlükəsizliyinin və ictimai asayişin qorunmasındakı rolunu nəzərə alaraq müsabiqə “Görünməyən qəhrəmanlar” mövzusunda keçirilib.

Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Milli Ordumuz tərəfindən aparılan müharibənin uğurlu nəticəsi olaraq 2021-ci il ölkəmizin tarixinə  qələbə ili kimi qeyd edildi. Xalqımızın savaş meydanında qəhrəmanlıq dastanı yazan oğul və qızlarının şücaəti düşmənin dünyada 30 ildə yaratmağa cəhd etdiyi mifi 44 gündə alt-üst etdi. Azərbaycan yenidən öz tarixi torpaqlarına qovuşdu. Artıq 8 noyabr – xalqımız üçün Zəfər Bayramıdır, Qələbə günüdür.

Bu məqsədlə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 01 aprel-30 may 2021-ci il tarixində gənc yazarlar və jurnalistlər arasında “Şanlı Zəfər Yolumuz” mövzusuna həsr olunmuş “Ən yaxşı yazı” müsabiqəsini elan edir.

Oxşar xəbərlər