“Yoluxmaya məktəblərin təsiri minimumdur”

Son günlər koronavirusa yoluxanların sayında ciddi artım var, amma infeksiyanın yayılmasında məktəblərin açıq olmasının təsiri minimumdur.

SOSİUM.az xəbər verir ki, bunu təhsil eksperti Elçin Süleymanov deyib.

O bildirib ki, bayram günlərində məktəblər bağlı olduğundan təhsil müəssisələnin son günlərindəki yoluxma sayında rolu yoxdur.

“Bunu daha dəqiq tibb xidmətinin əməkdaşları və ya Operativ Qərargah deyə bilər. Fikrimcə məktəblərin prosesə təsirini ancaq gələn həftə demək olar. Məktəblərdə qaydalara ciddi riayət edildiyini, hər şeyin nəzarət altında olduğunu və sanitar-gigiyenik şəraitə diqqət yetirildiyini düşünürəm. Tədris ilinin təxminən yarısı geridə qalıb. Bu dövrdə vaksinasiyanın sürətlə aparılması və təhsilverənlərin böyük əksəriyyətinin, xüsusilə risk qrupunda olanların peyvənd edilməsi prosesin nəzarət altında olmasını deməyə əsas verir. Düşünürəm ki, son iki ay tətbiq edilən cədvələ uygun dərslərin hibrid formada davam etdirilməsi faydalı olardı. Onsuz da yuxarı siniflərdə dərslər onlayn davam edir və digər siniflərdə vəziyyət ciddi nəzarət altındadır. Əgər məktəbdə yoluxma artırsa, lokal olaraq həmin məktəbdə təhsil distant formaya keçirilir, vəziyyət yaxşılaşınca yenidən əyani təhsilə qayıdılır”.

Artıq əksər ölkələrdə təhsilin ənənəvi formasına qayıdıldığını qeyd edən ekspert bildirib ki, bunun şagirdlərin və valideynlərin psixologiyasına müsbət təsirini də müşahidə etmək mümkündür.

“Valideyn, müəllim və şagirdlər gigiyenik qaydalara və COVID əleyhinə qoruyucu mexanizmlərə ciddi riayət edərək özlərini qorumalıdırlar. Qoruyucu tədbirləri gördükdən sonra əyani təhsilin faydalı olacağını düşünürəm. Eyni zamanda təhsil işçisi olaraq Təhsil Nazirliyinin pandemiya dövründə ümumi təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı ictimai rəy sorğusu keçirməsini alqışlayıram. Bu artıq təhsil nazirinin ikinci kütləvi ictimai rəyin öyrənmilməsi sorğusudur. Əvvəlki sorğu kimi bu sorğunun da çox geniş auditoriyada müzakirə ediləcəyinə əminəm. Sorğuda pandemiyanın vəziyyətinə baxaraq xəstəliyin çox olduğu yerlərdə məktəblərdə tədrisin distant, digər yerlərdə isə ənənəvi təşkilinin düzgün qərar olacağını düşünürəm”.

Oxşar xəbərlər