Vüqar Orucda da “Buzlu şüşə” aşkarlandı

Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayında kollektiv şəkildə hakim partiyaya qoşulmaqla bağlı qərar verən Milli Qurtuluş Partiyasının sədri, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “VECON CONSULTİNG” qiymətləndirmə şirkətinin direktoru Vüqar Orucun koronavirusa yoluxması ilə bağlı məlumat vermişdik.

Əldə etdiyimiz məlumata görə, Vüqar Orucun ağciyərində “buzlu şüşə” aşkarlanıb. Hazırda ev şəraitində müalicəsini davam etdirən V.Orucun səhhətində məhz bu səbəbdən müəyyən ağırlaşmalar meydana çıxıb.

SOSİUM.az-a danışan AQC sədrinin müavini bildirib ki, koronavurisa yoluxduğu ilk günlərdə vəziyyəti ağır olsa da, sonradan stabilləşib: “Düşünürdüm ki, artıq əsas mərhələni arxada qoymuşam və proses ümumilikdə yaxşılaşmağa doğru gedir. Lakin qarşıdakı günlərdə səhhətim yenidən ağırlaşdı. Məlum oldu ki, ağciyərimdə “buzlu şüşə” var”.

Xatırladaq ki, “buzlu şüşə” normalda şəffaf havalı görünən ağciyərdə yarımşəffaf zonaların izlənilməsi, ağciyərin dumanlı görüntüsü ilə xarakterikdir. Bu zaman bronx strukturlarının və pulmonar damarların saxlanması ilə ağciyərlərin eksudat və ya transudatla tutulması, interstisial qalınlaşmalar və ağciyər alveollarının hissəvi kollapsı ilə müşahidə olunan görüntü meydana çıxır. Buzlu şüşə xəstəliyin 3-4 günlərindən inkişaf etməyə başlayır və xəstə sağaldıqdan hətta bir ay sonra belə qala bilir.

Oxşar xəbərlər