Bakıda Türk Şurasının 8-ci iclası keçirilir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısına hazırlıq məqsədilə işçi qrupunun 8-ci iclası keçirilir.

SOSİUM.az xəbər verir ki, toplantı çərçivəsində digər məsələlərlə yanaşı türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə olunur.

İşçi qrupunun iclasına sədrlik edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini Qismət Gözəlov çıxışının əvvəlində Azərbaycanı 44 günlük Vətən müharibəsindəki qələbə münasibəti ilə təbrik edib.

O qeyd edib ki, Türk Şurası türkdilli ölkələr arasında media sahəsində münasibətlərin inkişafının tərəfdarıdır. Q.Gözəlov həmçinin İşçi qrupunun üzvlərindən 2021-2022-ci illər üçün Fəaliyyət Planı ilə bağlı təkliflərini təqdim edəcəyini qeyd edib.

Daha sonra çıxış edən Türkiyə Prezident Administrasiyasının departament rəhbəri Ömər Faruk Tanrıverdi də əvvəlcə Azərbaycanı Vətən müharibəsində qələbə münasibəti ilə təbrik edib.

O bildirib ki, Türk Şurası çərçivəsində əməkdaşlığı inkişaf etdirmək üçün ardıcıl toplantıların keçirilməsi vacibdir. Ö.Faruk həmçinin Türk dünyasını tanıdan birgə layihələrinin keçirilməsinin vacibliyini qeyd edib: “Bunun üçün sənədli filmlərin hazırlanmasına üstünlük verə bilərik. “TRT Avaz” telekanalının ortaq layihələrin həyata keçirilməsində önəmli rolu var. Bu il bir sıra türkdilli ölkələrin müstəqilliyinin 30 illiyinin tamam olması ilə bağlı bir media forumunun keçirilməsini də təklif edirik”.

Tədbirdə çıxış edən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktor müavini Murad Hüseynov isə türk xalqlarının mədəniyyəti, tarixi və ənənələrinin təbliği üçün Ortaq Türk Evi proqramının yayımını təklif edib.

Qeyd edək ki, sabah Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı baş tutacaq. İclasda Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Qırğız Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti naziri Kayrat İmanaliyev, Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf nazirinin müavini Asxat Oralov, Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray, Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak edəcəklər. Aprelin 11-də isə nümayəndə heyətləri Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə və Gəncə şəhərinə səfər edəcəklər.

Oxşar xəbərlər