“BakıKart”ın terminalları niyə işləmir?

Paytaxt sakinləri dayanacaqlarda ödəmə terminallarının işlək vəziyyətdə olmamasından şikayətçidirlər. Sakinlərin verdiyi məlumatlara görə, paytaxtın bəzi ərazilərində yanaşı olan bir neçə dayanacaqlarda ödəmə terminalları nəinki işlək vəziyyətdə deyil, heç yoxdur. Terminallarin işlək vəziyyətdə olmaması, bəzən isə ümumiyyətlə, olmaması vətəndaşlar üçün ciddi problemlər yaradır. Belə ki, bəzən kartın balansını artırmaq üçün vətəndaş uzun yol qət etməli olur.

SOSİUM.az xəbər verir ki, Sözügedən məsələ ilə bağlı Cebhe.info-ya bir neçə paytaxt sakini tərəfindən şikayət daxil olub.

Nəsimi rayon Mir Cəlal küçəsi ilə üzbəüz dayanacaqda olan yükləmə terminalı artıq bir neçə gündür yoxdur.

İlkin məlumatlara görə, yükləmə terminalı oğurlanıb. Hazırda həmin dayanacaqda nə oğurlanan yükləmə aparatından xəbər var, nə də ki yenisi ilə əvəzlənib.

Bundan əlavə “Memar Əcəmi” stansiyasının çıxışı Cavadxan küçəsində, Zivər bəy Əhmədbəyov küçəsində vizual olaraq var olan “BakıKart” balansını artırmaq üçün istifadə olunacaq terminallar işlək vəziyyətdə deyil.

Hazırda təkcə problem aparatların işlək vəziyyətdə olub-olmaması da deyil. Artıq uzunmüddətdir ki, metronun fəaliyyəti dayandırılıb və əhalinin çox hissəsi avtobuslardan istifadə edir.

Bu da demək olar ki, hər dayanacaqda yükləmə terminallarına zərurət yaradır. Lakin Xırdalan dairəsində və Nizami rayon Elşən Süleymanov küçəsində yükləmə terminalı tapmaq problemə çevrilib.

Məsələ ilə bağlı “BakıKart”a müraciət etsək də, bu barədə dəqiq açıqlama verə bilməyəcəklərini və qısa zamanda səlahiyyətli şəxsin rəsmi açıqlama üçün bizimlə əlaqə saxlayacağını bildirdilər.

Oxşar xəbərlər