“Satirasiya 5-di, məni aparata qoşdular”

“Koronavirusa yoluxandan sonra ev şəraitində müalicə almaq istədim. Çünki həyat yoldaşım həkimdir. Amma sonra vəziyyətim pisləşdi”.

SOSİUM.az xəbər verir ki, bunu “Şərq TV”də çıxış zamanı tibb elmləri namizədi Rəşid Mahmudov deyib.

Həkim bildirib ki, halı pisləşəndən sonra “Caspian” hospitalına gətirilib:

“Məlum oldu ki, ağciyərimin biri 35 faiz, digəri isə 45 faiz qidalanması yoxdur. Məni tez aparata qoşdular. Sonra məsləhət bildilər ki, məni Gömrük Hospitalına aparsınlar. Saturasiya (qanda oksigenin miqdarı – red) normal adamda 90-dan yuxarı olmalıdır, məndə 5-ə düşmüşdü. Mənim oradakılara can borcum var. Düzdür, ölüm haqdır, mən ölümə də yüksəkdən baxıram, amma çalışmalıyıq ki, koronavirusdan az itki verməklə çıxaq.

Heç kim virusla zarafat eləməsin. Mən də yoluxmuşam, bilirəm, çox ağır xəstəlikdir. Bu xəstəlikdən ölənlər şəkəri və qan təzyiqi olanlardır. Əksər xəstəxanalarda vəziyyət qaneedici deyil, təchizat zəifdir, dərman tapılmır. Preparatlar çox bahadır, yüz manata dərman olarmı? Ay ərzində istifadə olunan dərmanlar var. Görün, bir insana müalicə üçün nə qədər pul lazımdır”.

R.Mahmudov vurğulayıb ki, Azərbaycanda virusologiya elmi ilə məşğul olan peşəkar alimlər, infeksionistlər var:

“Amma heç birinə efirə çıxmağa, virusla bağlı danışmağa imkan vermirlər. Suallara onlar cavab verməlidir. Yaxşı həkimlərimiz çoxdur. Əfsuslar olsun ki, hər sahədə, peşədə zəif, qabiliyyətsiz adamlar da var. Rüşvət alan, korrupsiyaya bulaşmış həkimlərə nifrət edirəm. Bir həkim ki, insanın sağlamlığından sui-istifadə edərək pul qazanmaq istəyir, bu, insanlıqdan kənardır. Olmaz belə şey”.

Oxşar xəbərlər