BDU-nun tələbələri 700 bal toplayan şəhidin ailəsinə baş çəkdi

“Şəhidimizi Unutma” adlı tələbə yardım kampaniyasına start verildi

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi “Şəhidimizi Unutma” adlı tələbə yardım kampaniyasına start verib. Məqsəd tələbələrdə vətənpərvərlik hisslərini aşılamaq, şəhid olmuş Azərbaycanın qəhrəman oğullarının ailələri ilə tanış olmaq və onlara müxtəlif növ yardımlar göstərməkdir.

SOSİUM.az xəbər verir ki, ilk səfər 28 sentyabr 2019-cu il tarixində “aprel şəhidi” Müşfiq Orucovun evinə olub. Aprelin 4-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olan və ailənin tək oğul övladı olan Müşfiq Orucov Azərbaycan Texniki Universitetinə ən yüksək balla – 700 bal toplayaraq daxil olmuşdu. Müşfiq Orucov Zəngilandan olan qaçqın ailəsinin övladıdır və onlar Zığ Şosesi 15, Zeynalabdin Tağıyev adına Toxuculuq Kombinatının mədəniyyət binasında məskunlaşıblar.

Görüşdə 30-dan çox BDU tələbəsi iştirak edib. Qeyd edək ki, BDU THİK sədri Nihad Allahyarlı və layihə kordinatoru Nərmin Cavadzadə görüşdə iştirak edib. Layihə ayda bir neçə dəfə şəhid ailələrinin evlərinə səfərlər təşkil olunmaqla 2019/2020-ci tədris ilinin sonuna kimi davam edəcək.

Oxşar xəbərlər