Bir sinifdə neçə şagird olmalıdır: Rəsmi cavab

Son vaxtlar orta ümumtəhsil müəssisələrindəki şagird sıxlığı aktual məsələlərdən birinə çevrilib. Ən çox soruşulan isə şagird sayının çox olduğu siniflərdə otaqların ölçüləri ilə bağlıdır.

SOSİUM.az xəbər verir ki, bu məsələlər Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi və Nazirlər Kabinetinin 2012-ci il, 3 avqust tarixli 171 nömrəli qərarı ilə tənzimlənir.

Qanunvericiliyə görə, siniflər şagirdlərin sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir. Bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, mövcud sayla sinif təşkil olunmasına yol verilir.

Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya onların bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə isə həmin sinif üzrə ikinci paralel sinif təşkil edilməlidir.

Ümumiyyətlə, orta məktəblərdə siniflər şagirdlərin sayı 24 nəfər, sahəsi isə 36-42 kvadratmetr olmaqla təşkil edilir. Kənd yerlərində sinif otaqlarının tutumu 12 nəfərə qədər azaldıla bilər. Sinif otaqlarının sahəsi isə şagird sayından asılı olaraq 28-48 km olmaqla təşkil edilir.

Ümumi təhsil müəssisəsi uyğunlaşdırılmış binada yerləşdikdə otaqların tərkibi və sahələri müəyyən edilərkən, təhsil müəssisəsinin növü, şagirdlərin sayı və yaş həddi, siniflərin sayı və digər amillər nəzərə alınır.

Tədris otaqları layihələndirilərkən işçi zona, müəllimin iş zonası, əyani-tədris və texniki-tədris vasitələri yerləşdirilən əlavə sahə, şagirdlərin fərdi məşğələləri və aktiv fəaliyyəti zonaları nəzərdə tutulmalıdır.

Dərslər sinifdə üzbəüz formada keçirildikdə otaqların sahəsi bir şagirdə 2,0-2,5 kvadratmetr, qrup formasında və fərdi məşğələlər qaydasında aparılarkən isə bir şagirdə 2,5-3,0 kvadratmetr ilə hesablanır.

Bundan əlavə, sinif otaqlarının ölçüsü, avadanlıqlar arasında aşağıdakı məsafə normativlərinə əməl edilməsinə şərait yaratmalıdır:

-İki yerlik masalar yerləşən sıraların arasında 60 sm-dən az olmayaraq;

-Masaların cərgələri ilə çöl uzununa divar arasında 70 sm-dən az olmayaraq;

-Masaların cərgələri ilə daxili uzununa divar arasında və ya bu divar boyu dolablar arasında 70 sm-dən az olmayaraq;

-Sonuncu masalardan yazı taxtasının əks istiqamətində yerləşən divara və ya arakəsməyə qədər ən azı 70 sm;

-Sonuncu yerdə oturan şagirddən yazı taxtasına qədər ən uzaq məsafə 760 sm;

-Yazı taxtasının kənarından öndəki şagirdin oturduğu masanın arxasına qədər 350, 6-7 yaşlı uşaqlar üçün isə 450-dən az olmayaraq.

Qeyd edək ki, qanunvericilikdə tədris aparılan sinif otaqlarının səs-küylü yerlərdən və pis qoxulu laboratoriyalardan uzaq məsafədə yerləşdirilməsi də vurğulanıb.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir