Hakimiyyət vitrini 2020-ci ilədək dəyişdi

Bu ilin yanvarından başlanan çox spektrli dəyişikliklər ilin son ayına qədər fasiləsiz olaraq davam etdirildi. Əvvəlcə şəhid ailələrinin qan pulu müavinəti məsələsi həllini tapdı, sonra problemli kreditlərlə bağlı mühüm qərar verildi, maaş və təqaüdlər artırıldı. Martda isə 50-dən çox siyasi məhbus əfv fərmanı ilə azadlığa çıxdı ki, müstəqil Azərbaycanın tarixində ilk belə genişmiqyaslı əfv fərmanı kimi qiymətləndirildi.

Ardınca növbəti dəfə yayda maaşlar qaldırıldı, xalq-prezident təmaslarında yeni dövr başladı, qapı-qapı kursu seçildi. Bir qədər sonra sosial müstəvidə start götürən proseslər siyasi fazaya transformasiya olundu. Prezident öz komandasını, demək olar, tamamilə dəyişdi, köhnə qvardiya ilə yolları ayırdı, istefalar baş nazirdən tutmuş, bir sıra nazirlərə, icra başçılarına qədər miqyaslı şəkil aldı.

Son olaraq isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev postundan azad edildi, bir sıra kadr və struktur dəyişiklikləri reallaşdı, ən nəhayət, Milli Məclis özünü buraxdı və növbədənkənar parlament seçkilərinə gedilir.

Bu hadisələr kənardan kompleks siyasət olaraq görülür. “Ölkəni bundan sonra nə gözləyir” sualı hamını düşündürür.

Qabil Hüseynli: “Çevik, mobil idarəetmə sistemi yaradılır, korrupsiyaya ağır zərbələr vurulmalıdır”

Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, çevik, mobil və peşəkarlardan təşəkkül tapmış idarəetmə sistemi yaradılır. Onun sözlərinə görə, nəzərdə tutulan hədəflər baş tutsa, Azərbaycanda köklü dəyişiklik qaçılmazdır. Ekspert hesab edir ki, tamamilə yeni ictimai-siyasi vəziyyətin yaranması gözlənilir: “İlk növbədə korrupsiyaya ağır zərbələr vurulmalıdır, istehsalatda inkişafa mane olan inhisarçılıq və oliqarxlaşma aradan qalxmalıdır, bazar iqtisadiyyatının işlək mexanizmi formaşdırılmalıdır. Bundan sonra yüksək potensialı olan Azərbaycan sürətlə inkişaf edə, dünya standartlarına uyğun cəmiyyət qurula bilər. Amma bu məsələdə kampaniyaçılıq təzahürləri gərək olmasın, ”gözə kül üfürmək” cəhdlərinə yol verilməsin”.

Qulamhüseyn Əlibəyli: “Bürokratik əngəllərin səbəbləri araşdırılmalıdır”

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, prezident ona səlahiyyətlərini həyata keçirmək üçün kömək edən çevik komandanı təşkil etməkdədir. Partiya sədri struktur və kadr dəyişikliklərini vacib sayır. Onun sözlərinə görə, yeni təyin olunan məmurlar fərqli işləyəcəklər.

“İnanmıram ki, əsaslı dəyişiklik olacaq. Amma bu dəyişikliklər zəruri və məqsədəuyğundur. Yeni kadrların işinə bir müddət sonra qiymət vermək olar. İdarəetmədəki bürokratik əngəllərin səbəbləri araşdırılmalıdır, korrupsiya ilə mübarizə güclənməlidir, siyasi islahatlar aparılmalıdır”, – deyə Əlibəyli vurğuladı.

Siyasi şərhçi Natiq Miri düşünür ki, müsbət və mənfi proqnozlardan danışmaq tezdir: “Kadr dəyişikliyinin hansı effekt verəcəyini söyləmək çətindir. Hazırda yaşlı kadrların cavanlarla əvəzlənməsini görürük. Amma hər şey niyyətə bağlıdır. Fundamental və sistemli addımlar atılmalıdır. Köhnə idarəetmə qaydaları saxlanarsa, nəticə müsbət olmayacaq. Demokratik institutlara əhəmiyyət verilməlidir, seçki sistemində dəyişiklik olunmalıdır, siyasi-iqtisadi sahədə sistemli yeniliklər olmalıdır”.

N.Mirinin sözlərinə görə, məhkəmə sistemində islahatlar aparılması prioritetdir: “Təşəbbüskar və dinamik kadrlar olmalıdır. Ölkədə kadr potensialı böyükdür və onlara etimad göstərilsə, inkişafa rəvac verə bilərlər. Əgər tənqidçilər yenə təcrid ediləcəksə, parlament çoxrəngli olmayacaqsa, onda hansısa müsbət gözləntilərdən danışmağa dəyməz”.

Hikmət Hacızadə: “Əks-fikirli adamlara münasibət dəyişməlidir”

Politoloq Hikmət Hacızadənin fikrincə, sistem və məqsədlər dəyişməyib. Sadəcə, daha səriştəli və enerjili fiqurlar gətirilib. Onun sözlərinə görə, əks-fikirli adamlara münasibət dəyişməlidir.

Dekabrın 2-də prezident İlham Əliyev CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən ölkədə gedən islahatlardan danışıb. Prezident bildirib ki, struktur islahatları, siyasi, iqtisadi islahatlar, məsuliyyətin gücləndirilməsi ilə bağlı tədbirlər, şəffaflıq – bütün bunlar hamısı ölkəyə böyük faydalar gətirir – həm siyasi, həm də iqtisadi.

// musavat.com

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir