Almaniyada mühacir əməliyyatı böyüyür

Almaniyada mühacir alveri ilə məşğul olan dəstənin ifşa edilməsi, saxta sənəd hazırlamaqda şübhəli bilinənlərin saxlanılması işi getdikcə böyüyür. Alman polisinin həyata keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslər arasında Müsavat Partiyasının bəzi üzvlərinin də olması xəbəri hadisələrə yeni rəng, çalar verməkdədir.

Doğrudur, Müsavatın Almaniyadakı Koordinasiya Mərkəzinin (AKM) sədri İlham Həsən özünün saxlanılması xəbərini sosial media hesabında video açıqlamasında təkzib edib, həbslərin partiya ilə əlaqəsi olmadığını bildirib.

Lakin Müsavat AKM-in sədr müavini Mehdi Xəlilbəyli, sıravi üzv Abdin Cavadovun istintaqa cəlb olunması xəbərləri təkzib olunmayıb.

Eyni zamanda Müsavat Partiyasının verdiyi arayışlar əsasında sığınacaq istəmiş bir çox azərbaycanlıya imtina cavabı verildiyi, deportasiya  olunduqları xəbər verilir.

Habelə, “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və digərlərinin – Elşən Abdullayev, Rəşad Məmmədo  və Elçin Əkbərovun barəsində hansı rəsmi ittihamlar irəli sürüldüyü açıqlanmır. Son xəbərə görə, onlar sərbəst buraxılmayıblar.

Deportasiya edilən 140 nəfər Bakıda – Adlar

Bu arada isə Almaniyadan təyyarə ilə 140 nəfər mühacir Bakıya yola salınıb. Bu məlumatı Həbib Müntəzir “facebook” hesabında qeyd edib. Onun məlumatına görə, deportasiya olunanlar Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Geseke şəhərində yaşayan Əfran və Ülviyyə Mütəllimovalar, Axen şəhərindən müsavatçı Toğrul Məmmədov, Hamm şəhərindən Azər Əliyev həyat yoldaşı və iki uşağı ilə, Bavariya əyalətindən isə İmran Davudov, Ülviyyə Davudova və onların övladları – 11 yaşlı Fatimə və 9 yaşlı Binnət Davudovalardır.

Bundan əlavə, Bavariya, Gunzenhausen şəhərindən Müsavat AKM üzvü Taryel Rüstəmov da deportasiya edilib.

Dövlət Miqrasiya Xidmətindən bildiriblər ki, Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər geri qaytarılıb. Həmin 61 nəfərdən 22-si kişi, 18-i qadın, 21-i uşaqdır.

XİN: “Özlərini ”siyasi mühacir” kimi qələmə verən…”

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva “Yeni Müsavat”a bildirdi ki, Almaniyada Azərbaycan vətəndaşlarının sənədlərinin saxtalaşdırılması və qeyri-qanuni miqrasiyada şübhəli bilinərək saxlanılması haqda məlumatımız var: “Təəssüf edirik ki, özlərini ”siyasi mühacir” kimi qələmə verən bu şəxslər yuxarıda qeyd olunan fəaliyyətdə şübhəli bilinərək saxlanılıblar.

Azərbaycan və Almaniya hüquq mühafizə orqanları arasında əməkdaşlıq mövcuddur və Almaniya tərəfindən müraciət olduğu təqdirdə bu məsələ də müvafiq şəkildə nəzərdən keçirilə bilər”.

Arif Hacılı jurnalistlərə niyə danışmır?

Müsavat başqanı Arif Hacılı isə ona ünvanlanan ittihamlarla bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edir.

Əməkdaşımız Sevinc Telmanqızı A.Hacılını musavat.com-un canlı yayımına dəvət edib, partiya sədri isə ona mesajında gələ bilməyəcəyini söyləyib.

REAL TV-nin əməkdaşı Mahir Məmmədli isə Müsavat Partiyasının qərargahına gedib və başqan Arif Hacılıdan müsahibə almağa cəhd edib.

Müsavat başqanı istefa çağırıldı

Partiyanın bir neçə tanınmış üzvü başqan Arif Hacılın məsuliyyət daşıdığını bildirir və onu istefa verməyə çağırırlar. Onların sırasında Müsavatın Divan üzvü Alya Yaqublu, son qurultayda başqanlığa namizəd Yadigar Sadıqlı da var. ABŞ-da yaşayan tanınmış müsavatçı fəal Arif Yunus da bu çağırışlara qoşularaq Arif Hacılını istefa verməyə çağırıb: “Gəlin, hər şeyi öz adi ilə adlandıraq: Almaniyadakı mühacirlərə saxta sənədlərin verilməsi ilə bağlı yaşanan qalmaqal bir daha Müsavat Partiyasının imicinə zərbə vurdu. Alman federal polisi tərəfindən açilmiş cinayət işində adı hallanan Avropada bu partiyanın AKM adı altında yaradılan mərkəzin təşəbbüskarı şəxsən indiki başqan Arif Hacılıdır. Bütün sivil dünyada, belə hallarda, partiyanı zərbədən uzaqlaşdırmaq üçün onun rəhbəri istefa verir.

Məhz buna görə hörmətli Arif bəy, istefa mədəniyyətini göstərməyinizi və bu biabırçı vəziyyətin öhdəsindən gəlmək üçün növbədənkənar partiya qurultayını çağırmağı məsləhət görürəm”.

Arif Hacılı isə A.Yunusa cavabında qeyd edib ki, birbaşa Müsavat Partiyasına qarşı ittihamlar yoxdur: “Almaniya polisinin hansı sənədində Müsavat, AKM sözü var? Müsavata qarşı bu böhtan, qarayaxma kampaniyasına nə zaman son verəcəksiniz?”

Siyavuş Novruzov: “Bu bizneslə Əli Kərimli və Arif Hacılı məşğul olublar

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a qeyd etdi ki, bu şəbəkə haqda zaman-zaman fikirlərini açıqlayıblar. “Ümumiyyətlə mütəmadi olaraq deyirdik ki, bu adamların Azərbaycanda ictimai-siyasi fəaliyyəti yoxdur, onlara qarşı hər hansı ayrı-seçkilik olmayıb. O adamlar məsuliyyətə cəlb olunur ki, qanunu pozurlar. Bəziləri gah erməni adı altında sığınacaq alır, bəziləri iddia edirlər ki, guya Azərbaycanda siyasi baxışlarına və ya tənqidi yazılarına əsasən sıxışdırılıblar. Sadəcə, bu məsələ biznesə çevrilib.

Əli Kərimli və ətrafında olanların saxta arayışlar satdığını əvvəldən demişdik. Bu işdən bəzi səfirliklərin əməkdaşları ilə əlaqəyə də giriblər. Bütün bunlar sübut olundu ki, Avropaya göndərilən həmin insanların heç biri Azərbaycanda tanınmır, yəni siyasi fəaliyyətləri olmayıb”,-deyə YAP-çı deputat vurğuladı.

“Sıxışdırılan olsaydı, elə Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı sıxışdırılardı. Ora gedən həmin adamlar qarayaxma kampaniyası aparır, erməni lobbisinin təsirində olanlar Azərbaycana söyüşlər yağdırırlar. Müəyyən təşkilatlar onları təsir altına salır. Bu da millətin adına ləkədir. Onlar indiyə qədər bir dəfə Avropada erməni səfirliyi qabağında piket keçirməyiblər.

Arif Hacılı açıqlama verib ki, deportasiya edilənlərin ailəsi, uşağı var. Bəs dövləti, vətəni zərbə altında qoymaq olar, ancaq deportasiya ediləndə əziyyət olur?

Bu adamlar dövlət rəhbərliyini, deputatları, müxtəlif sahələrdə fəaliyyət göstərən insanları təhqirlər edirlər, ailələrini söyürlər. Ona görə də qanunvericiliyə uyğun olaraq tədbir görülməlidir.

Bütün işlərin üstü açılacaq, kimlərə saxta arayışlar verildiyi məlum olacaq. Eləsi var ki, toyuq oğrusudur, həbs edilib, onu siyasi məhbus ediblər. Bu bizneslə Əli Kərimli və Arif Hacılı, onların ətrafındakılar məşğul olublar”.

Oxşar xəbərlər