AQSİA sədri doğum gününü cəbhədə qeyd etdi – FOTOLAR

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri, tanınmış iş adamı Səkinə Babayeva doğum gününü cəbhədə olan əsgərlərlə birgə keçirib.

SOSİUM.az xəbər verir ki, qurumun İdarə Heyətinin üzvü, İctimaiyyətlə və KİV-lə Əlaqələr Komissiyasının sədri, əməkdar jurnalist Mətanət Ağamirli ilə birlikdə cəbhə bölgəsinə yola düşən AQSİA sədri qeyd edib ki, bu gün hər bir azərbaycanlını düşündürən ən aktual məsələ rəşadətli Azərbaycan Ordusunun düşmənə qarşı apardığı şərəf mübarizəsidir.

S.Babayeva deyib ki, doğum gününə ən böyük hədiyyə mübariz Azərbaycan Ordusunun yanında olmaqdır: “Özümü çox xoşbəxt hiss edirəm ki, sizlərin, dəyərli qardaşlarımın arasındayam. Bilirsiniz ki, mən özüm də qarabağlıyam. İllərdir həsrətində olduğumuz, vətən nisgili ilə dünyasını dəyişən əzizlərimizin ruhu qarşı özümüzü hesabatlı hiss etdiyimiz Qarabağ torpaqları bu gün düşmən tapdağından azad olunur. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri düşmənə layiq olduqları yeri göstərir. Əminəm ki, ən qısa zamanda müzəffər ordumuz işğal altında olan bütün torpaqlarımızı geri qaytaracaq və sizlərlə birlikdə bu bayramı qeyd edəcəyik”.

Murov yüksəkliyinin alınmasında qəhrəmanlığı ilə fərqlənmiş 27 yaşlı şəhidimiz Devran Naibovun anası  Xuraman Mirzəyevə çıxış edərək oğlunun qisasının yerdə qalmayacağına əminliyini ifdadə edib. O bildirib ki, hər gün ekranlardan Ali Baş Komandanın çıxışlarını izləyir və başlanan bu müqəddəs işin tezliklə uğurla başa çatacağına əmindir. AQSİA sədrini doğum günü münasibətilə təbrik edən qəhrəman şəhid anasının sözlərinə görə, Səkinə Babayeva yardımsevərliyi və xeyriyyəçi fəaliyyəti ilə hamının dərin rəğbətini qazanıb.

Daha sonra AQSİA sədri Səkinə Babayeva və Assosiasiyanın İdarə Heyətinin üzvü, İctimaiyyət və KİV-lə Əlaqələr Komissiyasının sədri, əməkdar jurnalist Mətanət Ağamirli  Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi zəminində zərər çəkən  əhaliyə yardım məqsədilə Bərdə rayonuna səfər ediblər.  Qonaqlar mənfur erməni terroru nəticəsində evləri dağılmış, əzizlərini itirmiş insanlara baş çəkib, şəhid anasını ziyarət ediblər. Assosiasiya üzvləri tərəfindən təşkil olunan yardım paketləri evləri dağılan ailələrə təqdim olunub və digər qismi rayon Mərkəzi Yardım Fonduna təhvil verilib.

Oxşar xəbərlər