ASGA şəhid qardaşlara film çəkəcək

Bu barədə saytımıza Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə “İKİ ŞƏHİD QARDAŞIN QƏHRƏMANLIQ DASTANI – sənədli film” layihəsi Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir: “ASGA olaraq biz son 3 ildə 4 film ərsəyə gətirmişik. Filmlərin hər biri Qarabağa həsr olunmuşdu. Bundan öncə biz Mingəçevirdən olan, aprel döyüşlərində şəhid olmuş tank komandiri Rahim Tağıyevə film çəkmişdik.

Bu dəfə isə II Vətən müharibəsində şəhid olmuş 2 qardaşa film həsr edəcəyik. Mingəçevir şəhərindən olan şəhid qardaşlar bir gün fərqi ilə ön cəbhədə savaşaraq şəhidlik zirvəsinə ucalıblar. Əhmədov Əli İlqar oğlu və Əhmədov İslam İlqar oğlu düşmənin xeyli sayda texnikasını və canlı qüvvəsini məhv ediblər. Yaralı olmalarına baxmayaraq, döyüşə davam ediblər və son nəfəslərinə qədər düşmənə qan uddurublar. Biz filmdə şəhidin anasını, yaxın qohumlarını, dostlarını, hərbçi yoldaşlarını danışdıracaq, onların nümunəvi həyat yolunu Azərbaycan gənclərinə təqdim edəcəyik.

Artıq peşəkar heyətimiz müəyyənləşmək üzrədir və yaxın günlərdə Mingəçevirdə çəkilişlərə başlayacağıq. Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin. Müraciətimizə müsbət cavab verdiklərinə görə Gəcnclər Fonduna təşəkkür edirəm. Layihənin əsas informasiya tərəfdaşı 7NEWS.az saytı və “TV7 Azerbaijan” internet kanalıdır”

Oxşar xəbərlər